“QHT işi” üzrə saxlanılan Aytac Ağazadənin barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanın təqdimatına baxılıb.
Publika.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanın təqdimatı təmin olunub.
Aytac Ağazadə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.