Məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi qaydası müəyyənləşir.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müstəntiq tərəfindən ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilənədək təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildikdə müstəntiq dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qərar qəbul edir və bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir. Cinayət işinə ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən baxılarkən təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildikdə prokuror dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam vermək və ibtidai istintaqın aparılması üçün cinayət işini öz göstərişləri ilə müstəntiqə qaytarmaq qərarını qəbul edir.
Yuxarıda nəzərdə tutulmuş qərar çıxarıldığı vaxtdan cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada davam etdiriləcək.
Təqsirləndirilən şəxs könüllü gəldiyi və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildiyi gün müstəntiq təqsirləndirilən şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən vəsatət vermək hüququnu izah edir, bu barədə protokol tərtib edir və onu bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işinin materialları ilə tanış edir.