“Makron Maskı Almaniya seçkilərinə müdaxilədə ittiham etdi” – “Politico”
“Fransa Prezidenti Emmanuel Makron Parisdə Fransa səfirləri qarşısında çıxış edərkən milyarder və “X”in sahibi İlon Maskı Avropa siyasətinə qarışmaqda ittiham edib”.
Yeniavaz.com xəbər verir ki, Makron Maskın adını çəkməsə də, “Politico”nun məlumatına görə, çıxışından onun biznesmendən danışdığı aydın görünüb.
“10 il əvvəl kim təsəvvür edə bilərdi ki, dünyanın ən böyük sosial şəbəkələrindən birinin sahibi yeni mürtəce beynəlmiləlçini dəstəkləyəcək və seçkilərə, o cümlədən Almaniyada birbaşa müdaxilə edəcək”, - Fransa prezidenti bildirib.
Makron çıxışında Ukraynadakı müharibə mövzusuna da toxunub. Onun fikrincə, Kiyev ərazi məsələləri üzrə real danışıqlar aparmalıdır və onları ancaq o apara bilər:
“Birləşmiş Ştatlar bizə vəziyyəti dəyişməyə kömək etməli və Rusiyanı danışıqlar masasına oturmağa inandırmalıdır, Avropa isə Ukrayna üçün təhlükəsizlik zəmanətləri üçün əsas məsuliyyəti öz üzərinə götürməlidir”.
O vurğulayıb ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın münaqişəni mümkün qədər tez həll edəcəyinə dair vədlərinə baxmayaraq, Ukrayna üçün sürətli və asan həll olmayacaq. Makron həmçinin qeyd edib ki, Avropa ölkələri Rusiyanın müharibədə qalib gəlməsinə imkan verə bilməz, çünki bu, beynəlxalq nizamı və Avropanın öz təhlükəsizliyini təhlükə altına salacaq.