AZ

"Mövqelərimizin atəşə tutulması sülh prosesinə mane olmaq məqsədi daşıyan planlı və təxribatçı addımlardır" - Fikrət Əliyev

Son günlər Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan mövqelərini intensiv şəkildə atəşə tutması, sülh prosesinə mane olmaq məqsədi daşıyan planlı və təxribatçı addımlar kimi qiymətləndirilməlidir.

Bunu "Operativ Media"ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.

"Azərbaycan Müdafiə Nazirliyinin verdiyi açıqlamalar göstərir ki, bu hücumlar diqqətlə qeydə alınır və adekvat tədbirlər görülür. Bununla yanaşı, Ermənistanın bu cür təhlükəli hərəkətlərə cəsarətlənməsinin arxasında müəyyən beynəlxalq dəstəklərin olduğunu görmək mümkündür.

Makron rejiminin siyasi dəstəyi və Fransanın Ermənistanı silahlandırması ilə bağlı hərəkətləri bölgədə sabitliyi sarsıdır və sülh prosesini mürəkkəbləşdirir. Fransa kimi ölkələrin Ermənistanı hərbi baxımdan gücləndirməsi, bu ölkənin Azərbaycanla sülhə razılıq vermək əvəzinə, təxribatçı siyasət yürütməsini təşviq edir. Azərbaycan xalqı və hökuməti bu cür xarici müdaxilələrin bölgədəki tarazlığı pozmasına səssiz qalmayacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi kimi, otuzillik işğalın acı nəticələri, Qarabağın və Şərqi Zəngəzurun dağıntılara məruz qalması, Xocalı soyqırımı və bir milyondan artıq insanın qaçqın vəziyyətində yaşaması Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Bu səbəbdən Ermənistan rəhbərliyi bu təhlükəli siyasətdən imtina etməli, sülh prosesinə səmimi yanaşmalıdır.

Bununla yanaşı, Azərbaycanın beynəlxalq ictimaiyyətə çağırışı, xüsusilə də Fransaya ünvanlanan mesajı birmənalıdır: Bölgədə sülhün və sabitliyin bərqərar olmasını istəyən bütün ölkələr Ermənistana hərbi dəstək göstərməklə deyil, onu sülh masasına gətirməklə bu prosesə töhfə verməlidir. Ermənistana hərbi dəstək, bölgədə gərginliyi artırmaqdan başqa heç bir məqsədə xidmət etmir.

Ermənistan rəhbərliyi bu tarixi fürsəti dəyərləndirməli və səmimi addımlar ataraq bölgədə davamlı sülhün təmin olunmasına yönəlməlidir. Əks halda, Azərbaycan öz milli maraqlarını qorumaq üçün hər zaman lazımi tədbirləri görmək əzmindədir və bu məsələdə heç bir güzəştə gedilməyəcək"-deyə o qeyd edib.

Seçilən
20
operativmedia.az

1Mənbələr