Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycan iqtisadiyyatı 2024-cü ilin nəticələrinə əsaslanaraq, 2025-ci il üçün daha optimist gözləntilərə sahibdir. Keçən il ərzində ölkədə qeyri-neft sektorunun inkişafı, istehlak qiymətləri indeksinin sabitləşməsi və inflyasiya səviyyəsinin azalması müsbət dinamikaya işarə etdi.
Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirib ki, ümumi daxili məhsulun (ÜDM) qeyri-neft sektorunda 6.4%-lik artım, ümumilikdə iqtisadiyyatın stabil inkişafından xəbər verir:
“2025-ci il ərzində iqtisadi gözləntilər haqda fikir söyləmək lazım gələrsə keçən ilin yekunlarına nəzər salmalıyıq. 2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə 113 milyard 282 milyon 400 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4.1% səviyyədə çox demək idi. 11 ay ərzində iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4%, qeyri neft-qaz sektorunda isə 6.4% artıb.
Qeyd olunan müddətdə istehlak qiymətləri indeksi isə əvvəlki bir ilin eyni dövrü ilə müqayisədə 2%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 1%, qeyri-qida məhsulları üzrə 1.5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrəsə 3.8% təşkil edib.Xatırladım ki, 2023-cü ilin yekununa görəsə ölkədə ÜDM cəmi 1.1%, o cümlədən qeyri-neft-qaz ÜDM-i 3.7% artmış, istehlak qiymətləri indeksi 8.8% təşkil edib”.
Pərviz Heydərovun sözlərinə görə, 2022-ci ildə iqtisadi artım 4.6%, inflyasiya isə 13.9% təşkil etsə də, bu rəqəmlər 2023-cü ilin iqtisadi yekunlarının müsbət tərəflərinə kölgə salmadı. Çünki həmin ildə ölkədə istehlak qiymətləri indeksində azalma meyli müşahidə edildi ki, bu da iqtisadi sabitliyin təmin olunmasında vacib rol oynadı.
Heydərov əlavə edib ki, 2024-cü il üçün gözləntilər daha çox sabit bir makroiqtisadi mühitin yaranmasına yönəlmişdi. Həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi bahalaşmanın və kəskin inflyasiyanın baş verməyəcəyi, neftin qiymətinin sabit qalacağı kimi faktorlar il ərzində iqtisadi artım üçün əlverişli şərait yaratdı. Onun fikrincə, 2024-cü ildə inflyasiyanın aşağı səviyyədə qalması ən mühüm amillərdən biri idi. Hər hansı sahədə kəskin ucuzlaşma olmasa da, qiymətlərin sabit qalması və istehlak bazarının stabilliyi iqtisadi artım üçün mühit yaratdı. Bu tendensiyalar 2025-ci ildə də iqtisadi inkişaf üçün böyük ümidlər yaradır: