AZ

Azərbaycan Prezidentinin müsahibəsi: Qırılmaz iradə, prinspial mövqe və konkret ünvanlar

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı Azərbaycanın daxili və xarici siyasətinin əsas priotetləri, iqtisadi və sosial inkişaf, Türk Dövlətləri Təşkilatının perspektivləri, Qərbi Azərbaycana qayıdışla bağlı verilən sualların geniş bir spektrinə aydınlıq gətirib. Müsahibə, xüsusilə də cənab Prezidentin müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının tutduğu mövqe ilə bağlı sərrast fikirləri, xəbərdarlıqları kimi, daxili və xarici auditoriyada böyük maraqla yanaşı, bəzi xain və bədxah dairələrdə ciddi təşvişə səbəb olub.

Prezidentin müsahibəsində gözlənildiyi kimi, Azərbaycan-Ermənistan sülh prosesi, regionda yaranan yeni siyasi reallıqlar, Ermənistanın silahlanması, erməni siyasi dairələrində tez-tez səsləndirilən revanşist çıxışlar ön planda idi. O, bütün bu məsələlərə özünün sabit, davamlı və konkret münasibətini bir daha ortaya qoyaraq, xəbərdarlıq etdi: “Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. … Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur…Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.

Yeri gəlmişkən, Fransa ilə münasibətlər də dövlət başçısının diqqət mərkəzində idi. Rəsmi Parisin bitib-tükənməyən “azərbaycanfobiya” duyğularına cənab prezident, bu şəkildə münasibət bildirdi: “…Dünən Fransa prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. …Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda – Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb”.

Qonşu İranda tez-tez səsləndirilən anti-Azərbaycan çıxışlara, xüsusilə bu yaxınlarda Ərdəbil məscidi axundunun Azərbaycan və Türkiyə ilə bağlı sərsəm fikirlərin gəlincə, Cənab İlham Əliyev bütün bunların İİR-nın dövlət siyasətinin tərkib hissəsi olma ehtimalına işarə edərək konkret və prinpial mövqe ortaya qoydu: “…O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox? İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir”.

Beləliklə, dövlətimizin başçısı xalqı narahat edən bu və digər problemlərə çox ətraflı, detallı şəkildə şərh verməklə, həm öz, həm də Azərbaycan Respublikasının prinsipial mövqeyini ortaya qoydu. Həmin mövqenin əsas parametrləri ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasət kursu həyata keçirir. Dövlət başçısının mövqeyindən aydın olur ki, Azərbaycan öz qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir, yox, əgər onlar bunu istəmirlərsə, qarşılığını artıqlaması ilə alacaqlar.

Azərbaycan Avropa dövlətləri və Avropa təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Lakin Avropa dövlətləri bundan sonra da Azərbaycana yuxarıdan aşağıya baxacaqlarsa, ölkəmizin ünvanına çirkin qarayaxmaları, cinayətkar Ermənistanı silahlandırmağı və himayə etməyi davam edəcəklərsə, o zaman onlarla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Hər halda bu gün Azərbaycanın Avropaya deyil, Avropanın Azərbaycana olan ehtiyacı göz qabağındadır.

Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan hazırda 12 xarici ölkəyə qaz ixrac edir. Onların arasında Avropa ölkələrinin sayı 10, Avropa İttifaqı üzvü olan ölkələrin sayı isə 8-dir. Düşünürük ki, burada əlavə heç bir şərhə ehiyac yoxdur.

Fərid Şahbazlı
Siyasi şərhçi

Seçilən
16
3
editor.az

3Mənbələr