AZ

1-ci Şah Abbas erməni Eçmiədzin kilsəsi üzərində “nə gəzir”...

Image

Məhərrəm Zülfüqarlı: “O zaman erməni kilsəsi Şah Abbasa yarınmaq üçün onun barelyefini kilsənin üzərinə çəkdirə bilərdi”

Sosial şəbəkələrdə Üç kilsə və yaxud Üçmüəzzin (Eçmiədzin) erməni Qriqorian kilsəsinin baş kafedralı olan kilsənin üzərində I Şah Abbas Səfəvinin barelyefini əks etdirən görüntü, eləcə də rus və ingilis dillərində mətn yayılıb.  

Ermənilər yayıb bu görüntünü də, mətni də. Yazırlar ki, Eçmiədzin kilsəsinin şimal günbəzinin ön hissəsində türk-islam memarlığının ən yaxşı ənənələrini əks etdirən  epiqrafik elementlərlə yanaşı, 1588-1629-cu illərdə hakimiyyətdə olmuş Səfəvilər sülaləsindən olan Böyük Şah I Abbasın obrazı həkk olunub. 

Həmin mətndə “Böyük Şah I Abbasın təsvirini əks etdirən barelyef niyə bu qədər əhəmiyyət kəsb edən xristian dini binasında quraşdırılıb” sualı və onun cavabı əks olunub. 

Ermənilər yazırlar ki, erməni müəllifləri I Şah Abbas və onun ordusu haqqında çoxlu mənfi yönlü əsərlər yazıblar. Erməni müəllifləri hansısa “böyük sürgündən” bəhs edirlər və bildirirlər ki, Şah Abbasın göstərişi ilə müxtəlif hesablamalara görə guya 250-300 min erməni “deportasiya edilib”, özü də guya “Zaqafqaziya Ermənistanından” İrana. Guya həmin “deportasiya” zamanı ermənilərin çoxu vəhşicəsinə öldürülüb və ya yolda ölüb (?). 

Yazırlar ki, Baş Katedralin şimal günbəzinin tağları altında Şah Abbasın surətinin necə və nə üçün yaradılması ilə bağlı müxtəlif söz-söhbətlər var. Bir versiyaya görə, onlar Şah Abbasın portretini cəmi bir gecənin içində kafedralın divarında təsvir etmək qərarına gəliblər. 

I Şah Abbas Səfəvi hara, erməni kilsəsi hara? Eçmiədzin kilsəsinin Baş Kafedralında onun barelyefi hansı məqsədlə qoyula bilərdi? 

“I Şah Abbasın barelyefinin qabardılması, onun hansı səbəbdən orda olması ilə bağlı ehtimalların irəli sürülməsi erməni siyasətinin tərkib hissəsidir”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu  mövzu ətrafında ancaq ehtimallarla danışmaq olar. “Mən sizə bir maraqlı fakt deyim. Birinci Şah Abbasın vaxtında Səfəvi dövləti dağılmaq üzrə idi. Onun atası Məhəmməd Xudabəndə zəif hökmdar olub, gözləri demək olar ki, görmürdü, zəif görürdü. Anası Məhdi-Ülya Xeyrənnisə Sultan bundan istifadə edib hakimiyyəti idarə edirdi. Bu da Qızılbaş əmirlərinin şəxsiyyətinə, mənafeyinə toxunurdu. Onlar dəfələrlə Məhəmməd Xudabəndidən həyat yoldaşını hakimiyyətin idarəçiliyindən uzaqlaşdırılmasını tələb etsələr də, bu alınmadı. Nəhayətdə onlar şahın sarayına girib yataq otağında  Məhdi-Ülya Xeyrənnisə Sultanı və onun anasını boğub öldürdülər, Məhəmməd Xudabəndəni hakimiyyətdən devirib kiçik yaşlı I Şah Abbası hakimiyyətə gətirdilər. O da çox ağıllı bir siyasətçi olduğuna görə, hakimiyyəti gücləndirmək üçün islahatlar apardı. Birinci növbədə şah hakimiyyətinə qarşı çıxan Qızılbaş əmirlərini aradan götürdü, sonra orduda islahatlar apardı, ordunu tayfa aslılığından qurtardı, nizami ordu yaratdı və Səfəvilərin itirilmiş nüfuzunu geri qaytardı. Qaldı erməni məsələsinə. O vaxt şah Abbas dövləti gücləndirmək üçün paytaxtı İsfahana köçürdü. Bilirsiz ki, lap əvvəllər Səfəvilərin paytaxtı Təbriz olub, Təbrizdən Qəzvinə köçürüldü, Qəzvindən isə İsfahana. Bu köç zamanı ermənilərin bir hissəsi də İsfahana köçürüldü. Mən iki il bundan əvvəl İrlandiyanın paytaxtı Dublin şəhərində bir sərgidə iştirak etdim. Sərgi “İsfahan miniatürləri” adlanırdı. “İsfahan miniatürləri” kitabı da vardı. Ortada iki səhifə ermənilərə aid idi. Yəni Səfəvi dövləti Azərbaycan dövləti olsa da, o kitabda bir kəlmə Azərbaycan adı çəkilməmişdi. Əsasən İran təbliğ olunurdu, o iki səhifədə isə ermənilər. Ermənilər orda yazmırdılar ki, “biz Azərbaycan şəhəri Culfadan köçürülmüşük”, qeyd ediblər ki,  “biz Qafqazdan olan Culfadan Şah Abbas tərəfindən bura köçürülmüşük, burada da bu miniatürləri yaratmışıq, binalar tikmişik” və sair. Ermənilər həmin sərgidə də saxtakarlıq edirdilər, köç məsələsini səhv qələmə verirdilər. Əslində, söhbət Şimali Azərbaycandan yox, indiki İran ərazisindəki Culfadan gedirdi. 

Onlar ermənilərin “köçü” məsələsini qabardıb Şah Abbasın onları köçürməsi məsələsinə mənfi yanaşıblar. Amma yadda saxlamaq lazımdır ki, bu köçürülmə təkcə ermənilərə deyil, o cümlədən azərbaycanlılara da tətbiq olunmuşdu. Hətta Şah Abbas İsfahan yaxınlığında Abbasabad adlı şəhər salaraq Təbriz və onun ətrafından bura azərbaycanlıları köçürmüşdü”.

Eçimədzin kilsəsinə gəlincə, M.Zülfüqarlının sözlərinə görə, bəzi mənbələrə görə, Üçkilsə Qaraqoyunlu hökmdarı Cahan şahın dövründə ermənilərə bağışlanıb, bəzi mənbələrdə isə ermənilərin onu pulla aldığı qeyd olunur. “Yəni erməni Qriqorian kilsəsinin mərkəzini Üçkilsədə yerləşdirmək üçün Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şah bunlara izn verib. Bu izn də sonrakı faciələrimizin əsasını qoyub. Erməni kilsəsinin mərkəzinin bizim tarixi torpaqlara köçürülməsinə Cahan şahın dövründə icazə verilməsəydi, ola bilsin, tamam başqa yerdə ola bilərdi, heç Azərbaycan ərazisində olmazdı. Bu başqa mövzudur. 

Eçmiədzin-erməni Qriqoriyan kilsəsinin Baş Kafedralı olan kilsənin üzərində I Şah Abbas Səfəvinin barelyefinin çəkilməsi bizdə suallar yaradır. Ermənilər bunu hansı məqsədlə ediblər? Bir yandan I Şah Abbası tənqid edirlər, onun barəsində mənfi yönlü məqalələr, kitablar yazırlar, o biri tərəfdən isə onun surətini kilsələrinə həkk edirlər”.  

M.Zülfüqarlı bildirdi ki, o, 1984-cü ildə tələbə-inşaat dəstələri komandirlərinin İrəvanda keçirilən Zaqafqaziya seminarında iştirak edib və onları Eçmiədzinə də aparıblar. “Eçmiədzini öz gözlərimlə görmüşəm. O zaman bu məsələ yox idi deyə, bu bizim diqqətimizi cəlb etmədi və orda da heç kim bu barədə məlumat vermədi. İndi I Şah Abbasın barelyefinin qabardılması, onun hansı səbəbdən orda olması ilə bağlı ehtimalların irəli sürülməsi erməni siyasətinin tərkib hissəsidir. Ermənilər bir daha özlərinin “qədim xalq” olduğunu, tarixi abidələrə sahib çıxdıqlarını göstərmək istəyirlər. Onlar qüdrətli Səfəvi hökmdarı Birinci Şah Abbasın simasında özlərini təbliğ etmək məqsədi güdürlər. Digər tərəfdən, bilirsiz ki, ermənilər yaşadıqları dövlətlərdə güclü hakimiyyətlərə yarınmaq, zəif hakimiyyətlərə isə xəyanət etmək yolunu tutublar. Roma imperiyasına, Bizans imperiyasına, Osmanlı imperiyasına və rus imperiyasına qarşı da belə olublar. Mənə belə gəlir ki, əgər Birinci Şah Abbasın surəti Eçmiədzində varsa, bu, ermənilərin şaha yarınması, yaltaqlanması məqsədilə edilib. Çünki güclü hökmdar olan, Səfəvi dövlətinin nüfuzunu bərpa edən, işğal olunmuş torpaqları geri alan bir hökmdara bunlar yarınmaq üçün bunu ediblər. Şah Abbas xalqımızın böyük hökmdarı kimi həmişə bizim gözümüzdən salınmağa çalışılıb. Məsələn, Sovet dövründə gürcülər film çəkib və Şah Abbasa nifrətlərini bildiriblər. Bilirsiz ki, gürcülərin Şah Abbasa böyük nifrəti var, bu gürcü mövqeyidir. Amma bizim isə Şah Abbasa baxışımız fərqli olmalıdır, biz ona itirilən torpaqları geri qaytaran, Səfəvi dövlətinin nüfuzunu bərpa edən güclü bir hökmdar, dövlət xadimi kimi baxmalıyıq. Əlbəttə ki, dövlətin itirilmiş nüfuzunu bərpa edərkən, işğal edilmiş torpaqları geri alarkən kimlərsə bundan narazı qalacaq və ona qarşı mənfi fikirlər irəli sürəcək. Amma Azərbaycançılıq baxımından Şah Abbasın mövqeyi biz tərəfdən müdafiə olunmalıdır. 

Ermənilər isə vətəni olmayan xalq kimi daim güclü dövlətlərin hökmdarlarına yaltaqlanıblar, yarınıblar. Mənə elə gəlir ki, deyilən fakt da I Şah Abbasın güclü hökmdar olması ilə əlaqədardır. O zaman erməni kilsəsi Şah Abbasa yarınmaq üçün onun barelyefini kilsənin üzərinə çəkdirə bilərdi. Sonra isə bu barelyef orda qalıb. İndi isə ermənilər bu barədə müzakirə açırlar ki, niyə Azərbaycan hökmdarının surəti bizim kilsəmizə həkk olunub. Erməni köçünə gəlincə, onlar bunu da saxtalaşdırıblar. Yəni saylarını süni surətdə artırmaqla nəyəsə nail olmaq istəyirlər. Guya Azərbaycan Culfasında çoxlu sayda erməni yaşayıb və onları Şah Abbas köçürüb. Onlar indiki İran ərazisindəki Culfa ilə bizim Culfanı qəsdən qarışdırırlar. Amma o Culfada da ermənilərin sayı iddia edildiyi sayda olmayıb. Culfa kiçik şəhərdir. Orda o qədər erməni yaşaya bilməzdi” - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA





Seçilən
20
baki-xeber.com

1Mənbələr