İngilis futbol mütəxəssisi Qrem Potter İngiltərə Premyer Liqasında mübarizə aparan “Vest Hem” komandasının baş məşqçisi təyin olunub.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
49 yaşlı mütəxəssislə 2,5 illik (2026/2027-ci illər mövsümünün sonunadək) müqavilə imzalanıb. O, bu postda ötən gün istefaya göndərilmiş ispan mütəxəssis Xulen Lopeteqini əvəz edib.
Xatırladaq ki, Qrem Potter məşqçilik fəaliyyətinə 2008-ci ildə “Lids Karnegi”də başlayıb. Ardınca ingilis mütəxəssis “Östersund”, “Suonsi Siti” və “Brayton”u çalışdırıb. Potterin məşqçilik fəaliyyətinin zirvəsi isə 2022-ci ilin sentyabrında qəbul etdiyi “Çelsi” ilə əməkdaşlığa təsadüf edir. Potter “zadəganlar”ın sükanı arxasında 2023-cü ilin aprelinə qədər çalışıb. “Çelsi” Potterin rəhbərliyi altında 31 oyuna 12 qələbə, 8 heç-heçə və 11 məğlubiyyət yaşayıb, vurduğu 33 qol müqabilində 31 qol “yeyib”. Potter 2023-cü ilin aprelində “Çelsi”dən ayrılandan bəri işsiz idi.
Qrem Potterin məşqçilik qənimətləri rəfində “Östersund”la qazandığı İsveç kuboku var.
Ötən gün “Vest Hem”dən qovulmuş Xulen Lopeteqi isə 2024-cü ilin iyul ayından bu komandaya rəhbərlik edirdi. O, Premyer Liqa təmsilçisini bütövlükdə 22 oyuna çıxarıb. “Vest Hem” bu görüşlərdə 7 qələbə, 5 heç-heçə və 10 məğlubiyyət görüb.
“Vest Hem” bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyuna topladığı 23 xalla 14-cü sırada qərarlaşıb. Komanda 6 qələbə qazandığı halda 5 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Xulen Lopeteqi daha öncə İngiltərədə “Vulverhempton”a da rəhbərlik edib.
Lopeteqi məşqçilik karyerasına İspaniyanın U-17 yığmasında başlayıb. Daha sonra o, ölkəsinin U-19, U-20, U-21 və əsas millilərinə də rəhbərlik edib. Klub karyerasında isə Lopeteqi “Rayo Valyekano”, “Portu”, “Real” və “Sevilya”nı çalışdırıb.