Yaxınlarda “Sabah”ın məşqçi korpusundan ayrılan gənc mütəxəssislə 3 illik müqavilə imzalandı. Bunu isə ictimaiyyət birmənalı qarşılanmadı. Belə ki, 2021-ci ildə karyerasını bitirib “Sabah”da çalışan Eyyubov hələ məşqçi karyerasının lap əvvəlindədi. Lakin onun futbolçu karyerasını xatırlayıb yığma üçün faydalı seçim olmadığını iddia edənlər çoxdu.
Maraqlıdı, "Göyqurdlar" AFFA-nın Rəşad Eyyubov seçimini necə qarşılayıb?
Azarkeş qrupunun rəhbəri Elnur Şəriflinin “Football-plus.az”a açıqlamasıma verdi:
“Fikrimcə, təyinatın məqsədi azarkeşlərə açıqlanmalıdı. Ümumiyyətlə, federasiyanın milli komanda ilə bağlı hər bir qərarı ictimaiyyətə izah olunmalıdı. Çünki milli komanda millətin və azarkeşlərindi. Bura özəl bir şirkət komandası deyil ki, qərarlar qapalı və gizli saxlanılsın. Mən üçün bu qərar çox müəmmalı və qaranlıqdı. Son 6 matçın 5-də məğlub olmağımız Rəşad Eyyubov kimi məşqçinin yoxluğuna görə idi? 6 oyundan sonra anlaşıldı ki, belə bir məşqçiyə ehtiyacımız var? Rəşad Eyyubovun futbolçu kimi hansı uğuru olub ki, indi də milli komandaya məşqçi təyin edilməklə mükafatlandırıldı? Milli komanda ölkə futbolunun zirvəsi, son mərhələsidi. Bildiyimə görə, Rəşad Eyyubov nə futbolçu, nə də məşqçi karyerasında “Portu”, “Ayaks”, “Bavariya” kimi klublarda təcrübə qazanmayıb. Belədə təcrübəsi sıfra bərabər olan bir məşqçi milli komandanın oyunçularına nə verə bilər? Hər halda, nə demək istədiyimizi başa düşdüz. Hansı meyarlara və göstəricilərə əsasən Rəşad Eyyubov hər kəsi üstələyərək məşqçi təyin olunur? Bunun izahı bizə çox maraqlıdı”.
RÖYANƏ OĞUZ