Fevral ayının sonlarına doğru magistr imtahanları başlayır. Bəzi tələbələr Azərbaycanda magistr oxumağı üstün tutsalar da, böyük bir qisim isə xaricdə təhsilə daha çox üstünlük verirlər.
Maraqlıdır, Azərbaycanda magistr təhsili ilə xaricdəki magistr təhsili arasında hansı fərqlər mövcuddur?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Qoşqar Məhərrəmov bildirib ki, magistratura təhsili adından da məlum olduğu kimi, "mastery" yəni ustalaşma mənasını daşıyır:
“Bakalavr səviyyəsində təhsil alan bir tələbə spesifik bir sahə üzrə mütəxəssisləşmək və ustalaşmaq istəyirsə, magistraturaya davam edir. Magistratura təhsili birbaşa sənayenin tələblərinə uyğun şəkildə qurulmalıdır. Tələbə magistratura təhsili alarkən artıq birbaşa əmək bazarının vəziyyətini öyrənməli, əmək bazarında ona lazım olacaq səriştələrə yiyələnməlidir, çünki tam ali təhsil bakalavr deyil, magistraturanı bitirdikdən sonra tam ali təhsil əldə olunur. Əgər tələbə tamamlayıb bitirdiyi ali təhsil nəticəsində əmək bazarında özünə layiqli yer tapa bilmirsə, deməli, bu təhsilin gedişatında problem var.
Buna görə də, dünyada ali təhsil müəssisələri magistratura proqramlarını bazarın tələblərinə uyğun olaraq dəyişir və müasir trendlərlə ixtisasın proqramının uyğunluğunu təmin etməyə çalışır.
Azərbaycanda magistratura təhsilinə baxdıqda görərik ki, yalnız 3-5 universitetin magistratura təhsili müasir dövrün tələblərinə cavab verir. Əksəriyyət universitetlərdə isə, çox vaxt dərslər dövrün tələblərinə uyğun deyil. Tələbələr qeyd edirlər ki, magistratura təhsili aldıqları zaman onlara düzgün dərs keçilmir. Onlar dərsə gedirlər, amma görürlər ki, tələbələr azdır və müəllimlər magistratura səviyyəsində dərs keçməyə həvəsiz yanaşır. Bəzi tələbələr magistraturada aldığı təhsil ilə bakalavr təhsili arasında heç bir fərq görmədiklərini qeyd edirlər. Eyni proqramı, fərqli formatda və müəllimlərdən yenidən oxuyurlar. Bu isə onu göstərir ki, magistratura düzgün qurulmayıb, ixtisaslar düzgün tərtib edilməyib, dərslər yerində deyil. Halbuki magistratura tələbəni bir sahədə mütəxəssis halına gətirməli idi, amma təəssüf ki, bir çox universitetlərdə bu belə deyil.
Tələbələr, oxuduqları magistratura ilə bağlı fikirlərini bildirərkən, magistraturanın onlara xüsusi bir səriştə qazandırmadığını, sadəcə dərslərin olduğunu və bu dərslərin keyfiyyətinin aşağı olduğunu qeyd edirlər. Bəzən isə dərs belə keçilmir. Çoxu dərslərə getməyə həvəsli deyil, sadəcə elmi iş yazılır və diplom verilir. Belə bir vəziyyətdə savadlı insanların burada təhsil almasını gözləmək olmaz. Həqiqi təhsil almaq istəyənlər məhz bu səbəbdən daha qabaqcıl universitetlərdə təhsil almağa üstünlük verirlər. Xarici ölkələrə müraciət sayları ona görə artmaqdadır.
Xaricdə universitetlərdə magistr təhsili almaq, tamamilə fərqli bir təcrübədir. Çünki xarici universitetlər, xüsusilə top 500 və ya top 100-də yer alanlar, müasir dövrün tələblərinə uyğun təhsil proqramları təklif edirlər. Onlar bazar ehtiyaclarını nəzərə alaraq proqramlarını hər il çevik şəkildə dəyişdirə bilirlər. Bu səbəbdən, xarici universitetlərin proqramlarının yeniliyi, müəllimlərin keyfiyyəti və ümumilikdə universitetlərin cazibədarlığı daha yüksəkdir".