AZ

“Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var- Millət vəkili

“Artıq İkinci Qarabağ müharibəsi nəticəsinin təsir dairəsi Cənubi Qafqaz hüdudlarından da çox kənara çıxıb. Azərbaycanın Vətən müharibəsi, 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirlərindən sonra yaratdığı reallıqlar fonunda Zəngəzur, burada reallaşdırılacaq nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasının birləşməsində müstəsna önəm kəsb etməklə yanaşı, bundan digər ölkələrin, o cümlədən Ermənistanın da çoxsaylı dividendlər əldə etməsinə şərait yaradılıb”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, üzərinə götürdüyü öhdəliklərə rəğmən Ermənistan Zəngəzur dəhlizinin açılmasını hələ də ləngidir:

“Azərbaycan bu problemin mümkün qədər tez həllini tapması, bunun beynəlxalq hüquq normaları çərçivəsində baş verməsi üçün bütün lazımı tədbirləri reallaşdırıb. Lakin Ermənistan havadarlarına güvənərək Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını ləngidir. Bu, regionda sülh və əməkdaşlıq mühitinin bərqərar olmasına da mənfi təsirsiz ötüşmür. Azərbaycan dövləti Ermənistana dəfələrlə çağırışlar edib. Hətta Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də bəyan etdi ki, Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq olmasını, Ermənistanın buna maneə olmamasını, Türkiyə ilə ölkəmiz arasında coğrafi maneə kimi fəaliyyət göstərməməsini istəyir. Bunun ən vacib şərtlərindən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir və üçtərəfli bəyanatlarda da bu hal təsbit olunub.

Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, gələcəkdə bu dəhliz, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. Hətta Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər.

Düşünürəm ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanın mövcud reallığı nəzərə alıb dəhlizin açılmasına razılıq verməyəcəyi təqdirdə bundan ən çox zərər görənin özü olacağını bir daha xatırlatdı”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
43
34
editor.az

10Mənbələr