1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qərbi Azərbaycandan deportasiya olunmuş 300 mindən çox insanın doğma yurdlarına qayıtmaq istəyi Ermənistan rəhbərliyini qorxutmamalıdır".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, Ermənistandan deportasiya olunmuş şəxslərin geri qayıtması təkcə onların hüququ deyil, həmçinin arzusudur:
"Beynəlxalq hüquqla qaçqınların geriqayıdış hüququ təsbit olunur. Bunun həyata keçirilməsinə imkan verməməklə Ermənistan öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, tərəf olduğu konvensiyaların tələblərini pozur. Lakin Qərbi Azərbaycan İcmasının (QAİ) öz ata-baba yurduna qayıtmaqla bağlı rəsmi müraciətinə baxmayaraq, bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası barədə adekvat cavab alına bilməyib. Bu məsələdə dialoqun qurulması və kommunikasiya çox vacibdir".
Deputat qeyd edib ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində QAİ-nin öz tarixi, əzəli torpaqlarına qayıtmaq hüququ barədə söz açaraq dünya ictimaiyyətinə məsələnin mahiyyəti barədə çox aydın izah verib:
"Sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Sülh təkcə rəsmi sənədlər və ya siyasi razılaşmalarla məhdudlaşmır. Sülhün və işğalın açdığı yaraların sağalması yalnız vaxtın keçməsi ilə deyil, eyni zamanda düzgün sosial və mədəni mühitin yaradılması ilə mümkündür. Bu prosesdə QAİ ilə dialoq şəraitində İcmanın haqlı tələbləri təmin edilərsə, onların ədalətli narazılıqları nəzərə alınarsa, davamlı sülh təmin oluna bilər. Yarımçıq sülh heç bir tərəfə lazım deyil".
P.Vəliyeva bildirib ki, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması xalqlar arasında etimad mühitinin qurulmasına töhfə verə bilər:
"Bütün hallarda, Ermənistan və Azərbaycan coğrafi baxımdan daim qonşu olacaq, bu bizim taleyimizdir və biz həmişə düşmənçilik şəraitində yaşaya bilmərik. Ermənistan da dərk etməlidir ki, ilk növbədə, qonşularla dostluq və normal münasibətlər qurulmalıdır. Davamlı sülhün qurulması üçün Azərbaycan tərəfinin narahatlıqları nəzərə alınmalıdır. Qərbi Azərbaycandan deportasiya olunmuş 300 mindən çox insan təhlükəsiz, ləyaqətli və sülh şəraitində öz doğma yurdlarına qayıtmaq istəyir. Bu istək Ermənistan rəhbərliyini qorxutmamalıdır. Çünki bu, ərazi iddiası deyil, bu, insan hüquq və azadlıqlarının ayrılmaz bir komponentidir".