Roma, 14 yanvar, AZƏRTAC
İtaliyada 2024-cü il ərzində 16 min 826 yeraltı təkan qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Bildirilib ki, 2019-cu ildən bəri ölkədə baş verən zəlzələlərin sayı hər il 16-17 min arasında olub. Bu da mərkəzi İtaliyada seysmik ardıcıllıqla xarakterizə olunan 2016-2018-ci illərin üç illik dövrü ilə müqayisədə azalmadır.
Ötən il ən güclü zəlzələ Kalabriya regionunda 5 bal gücündə qeydə alınıb. İl ərzində baş vermiş zəlzələlərin əksəriyyəti isə aşağı maqnitudalı və qısamüddətli olub, ölkənin mərkəzi hissəsində, İon dənizi sahillərində, Parma əyalətində, Tirren dənizinin cənubunda və Kampi Fleqrey bölgəsində çoxsaylı seysmik ardıcıllıq qeydə alınıb. Ümumilikdə 26 zəlzələnin maqnitudası 4-dən 4,9-dək, 248 yeraltı təkanın gücü isə 3-dən və 3,9-dək olub.
Qeyd edək ki, İtaliyada son 25 ildə ümumilikdə 80 minədək yeraltı təkan qeydə alınıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma