AZ

Narkomaniya: bəşəri problemlə ölkəmiz necə mübarizə aparır?

Narkomaniya cəmiyyətin sağlamlığını təhdid edən və geniş sosial, iqtisadi və hüquqi problemlərə yol açan ciddi bir məsələdir.

Azərbaycan da digər ölkələr kimi narkomaniya ilə mübarizə sahəsində müəyyən tədbirlər görülür. 

Bu mübarizənin daha da effektiv olması hansı addımlıar atılmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədlinin sözlərinə görə, Azərbaycan narkotiklərin qanunsuz dövriyyəsi və istifadəsi ilə mübarizədə müəyyən qanunvericilik islahatları həyata keçirir:

​​​​​​​"Cinayət Məcəlləsində narkotik maddələrin istifadəsi və ticarətinə görə sərt cəzalar müəyyənləşdirilib. Lakin qanunların icrası və effektivliyi məsələsində bəzi boşluqlar mövcuddur.Narkomaniya ilə mübarizəni daha da gücləndirmək üçün narkotiklərlə bağlı cinayətlərin cəza müddətlərinin artırılması, narkotiklərin istifadəçilərinə qarşı sosial reabilitasiya proqramlarının təkid edilməsi və bu istiqamətdə hüquqi tələblərin dəqiqləşdirilməsi vacibdir. O cümlədən, beynəlxalq narkotik ticarəti ilə əlaqəli şəbəkələrin zərərsizləşdirilməsi və cinayətkar qrupların hüquqi cəhətdən təqib edilməsi məsələsi təmin edilməlidir".

Ayxan Məmmədli: Azərbaycan polisi bu istiqamətdə böyük işlər görüb

Ayxan Məmmədli bildirib ki, narkomaniya ilə mübarizənin ən təsirli yollarından biri təhsil və maarifləndirmədir. Gənclər arasında narkotik maddələrin istifadəsinin qarşısını almaq üçün məktəblərdə və digər təhsil müəssisələrində bu barədə maarifləndirmə işlərinin aparılması vacibdir:

"Narkotiklərin zərərləri və bu maddələrin insan orqanizmasına təsiri haqqında geniş təbliğat işlər aparılmalı, məktəblərdə və universitetlərdə seminarlar, tədbirlərin təşkil edilməsi ilə bağlı planlara daha çox güc verilməlidiir. Bundan əlavə, dövlət televiziyalarında, radiolarda və digər media platformalarında narkomaniya ilə mübarizəyə dair maarifləndirici proqramların yayılması xüsusilə zəruridir.  Narkotik maddə istifadəsi ilə mübarizə yalnız hüquqi cəza tədbirləri ilə bitmir, həm də istifadəçilərin sosial reabilitasiyası və müalicəsi çox vacibdir. Azərbaycanın narkotik istifadəçilərinə yönəlmiş reabilitasiya sistemini daha da inkişaf etdirməsi lazımdır".

Onun sözlərinə görə, gənc narkotik istifadəçiləri üçün qismən özəl reabilitasiya mərkəzləri yaradılmalı, bu mərkəzlərdə psixoloji dəstək, sosial işçilərin və terapevtlərin xidmətləri təmin edilməlidir. Həmçinin, psixoterapevtik müalicə və detoks proqramları, eləcə də qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində bu xidmətlərin əlçatan olması vacibdir. Narkomaniya ilə mübarizənin yalnız fərdiyyətçi yanaşma ilə deyil, ailə və yaxın mühitin dəstəyilə həyata keçirilməsi daha effektiv ola bilər. Bu baxımdan ailələrə də məlumatlandırma və dəstək proqramları təqdim edilməlidir.

Hüquq mühafizə orqanlarının rolundan söz açan hüquqşünas qeyd edib ki, onların tədbirlərinin rolu böyükdür:

"Azərbaycan polisi bu istiqamətdə böyük işlər görüb. Lakin hər bir halda narkotiklərin dövriyyəsi ilə bağlı məlumatların toplanması və təhlili daha da gücləndirilməlidir. Narkotiklərlə mübarizə məqsədilə xüsusi polis bölmələrinin fəaliyyəti və onların əməkdaşlarının daima təlimlərə cəlb edilməsi önəm kəsb edir. Narkotik ticarəti ilə bağlı beynəlxalq səviyyədə əməkdaşlıq, sərhədlərarası fəaliyyətin gücləndirilməsi və digər ölkələrlə məlumat mübadiləsinin artırılması vacibdir. Bu sahədə qeyri-hökumət təşkilatlarının da rolu əvəzsizdir. Bu təşkilatlar narkomaniya ilə mübarizə sahəsində təbliğat, reabilitasiya, sosial və hüquqi xidmətlər göstərərək vacib rol oynayırlar".

Son olaraq A.Məmmədli vurğulayıb ki, bütün narkotik maddələrin tərkibi üzərində daha ciddi nəzarət həyata keçirilməli, yeni növ narkotiklərin qanunsuz yayılması və istifadəsinin qarşısı alınmalıdır. Narkotik maddələrin izlənməsi və tədqiqatlarının beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı xüsusi tədbirlər həyata keçirilməlidir:

"Azərbaycan narkomaniya ilə mübarizədə bir çox addımlar atıb, lakin bu mübarizənin daha effektiv olabilməsi üçün hüquqi, sosial, səhiyyə və ictimai sahələrdə kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Narkomaniya yalnız dövlətin deyil, həm də hər bir fərdin məsuliyyət daşıdığı bir problem olaraq qalır. Cəmiyyətin bu mövzuda birgə fəaliyyət göstərməsi və dövlətin müxtəlif sahələrdəki siyasətini dəstəkləməsi narkomaniya ilə mübarizənin uğurlu nəticələr verməsinə səbəb olacaqdır".

Əli Hüseynov

Seçilən
16
1
bakivaxti.az

2Mənbələr