AZ

Azərbaycan və Türkiyə parlament aparatları arasında əməkdaşlığın perspektivləri müzakirə olundu

Ankarada səfərdə olan Milli Məclis Aparatının nümayəndə heyəti yanvarın 14-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunla görüşüb.

E-huquq.az xəbər verir ki, görüşdə iki qardaş ölkənin münasibətlərinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” prinsipi əsasında inkişafından söhbət açılıb.

Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev səfərə dəvətə görə həmkarına təşəkkürünü bildirib, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 33-cü ildönümü münasibətilə təbriklərini çatdırıb.

O, Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunla görüşlərini xatırlayaraq, parlament aparatları arasında əlaqələrin inkişafının qanunverici orqanların daha səmərəli əməkdaşlığının qurulmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Fərid Hacıyev parlamentin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Milli Məclisdə aparılmış islahatlar və Aparatın fəaliyyət istiqamətləri barədə danışıb.

Söhbət zamanı iki ölkənin parlamentləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyəti qeyd edilib, həmin sənəddə parlament aparatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin də yer aldığı diqqətə çatdırılıb, aparatlar arasında əməkdaşlığın perspektivləri barədə danışılıb.

Sonra nümayəndə heyəti TBMM Katibliyinin beş şöbəsi ilə görüş keçirib. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyəti qeyd edilib, məruzələr dinlənilib. Şöbə müdirləri öz şöbələrinin fəaliyyəti haqqında geniş təqdimatla çıxış ediblər.

Azərbaycan parlament nümayəndə heyətinin Ankaraya səfəri davam edir.
Seçilən
7
7
e-huquq.az

8Mənbələr