AZ

Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mingəçevir şəhərində 1960-cı il təvəllüdlü Bəxtiyar yetkinlik yaşına çatmayan Ləmana (adlar şərti verilib - red.) seksual xarakterli hərəkətlər edib.
Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 3 sentyabr 2023-cü ildə baş verib.
Bəxtiyar həmin gün saat 17 radələrində qonşuluğunda yaşayan və həyətdə oynayan 2015-ci il təvəllüdlü Ləmanı görüb, ona qarşı şəhvət hissləri oyanıb.
O, qızı yaşadığı mənzilin pəncərəsindən səsləyib, mənzilinə gəlməsini təklif edib. Ləman bundan imtina etdikdə, özü həyətə düşüb və onun əlindən tutaraq mənzilinə aparmağa nail olub.
İstintaq orqanı tərəfindən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, mağazadan çörək alaraq evinə doğru gedib: "Evimə çatana yaxın gördüm, iki balaca qız tum çırtlayır. Onlara dedim ki, buraları zibilləməsinlər, başqa tərəfdə oynasınlar. Həmin qız uşağı məndən soruşdu ki, top durur sizdə? Belə düşündüm ki, nəvəm evimə gələn vaxt bu qız uşaqları ilə top oynayıbmış. Qıza dedim ki, bəli, top bizdədir. Qız məndən "verərsiniz, topla oynayaq" deyə soruşdu. Dedim ki, niyə vermirəm. Bundan sonra evə doğru qalxdım. Arxamca da qız qalxdı. İttihamda yazılır ki, guya qızı pəncərədən çağırmışam, qız gəlməyib. Bundan sonra guya aşağı düşmüşəm, qızın əlindən tutaraq evə qaldırmışam. Belə bir şey mümkündürmü? Mən ağsaqqal adamam, 64 yaşım var. Qız mənim nəvəm yaşındadır".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə ittiham aktında yazıldığı kimi cərəyan etməyib:
"Qız mənim arxamca evə gəldi. Mən də topu götürəndə gördüm ki, top boşalıb. Onu qıza verdim və dedim ki, bala, atana verərsən topu doldurar. Qız da boş topu istəmədi. Bundan sonra getdi. Hadisə belə olub. Mən ittiham aktını oxuyan vaxt dəhşətə gəlmişəm. Etmədiyim qeyri-etik hərəkətlər ittiham aktında göstərilib. Mən pislik etməmişəm. Qız uşağı məndən top istəyib. Mən də topu ona vermək istəmişəm. Mən xəcalətimdən ölürəm. Qohum-əqrəba arasında biabır olmuşam. Hətta bu işlə bağlı özümə qəsd etmək istəmişəm. Mənim 64 yaşım var, xəstə adamam, dərmanlarla yaşayıram. Şəkər xəstəsiyəm. Belə bir hadisəni törətməmişəm. Bu işdə heç bir günahım yoxdur".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir müddət sonra qızın atası evinə gəlib: "Məndən heç nə soruşmadan üstümə hücum çəkdi. Qızın atasına dedim ki, qızı burada nə gəzir? Heç fikrimi izah edə bilmədim. Məni vurmağa başladı. Atası gələn vaxt qız orada yox idi. Qızın ailəsi ilə qərəzli münasibətim olmayıb. O ailəni heç tanımamışam. Qız bizim evdəki əşyaları tanıya bilməz. Çünki heç vaxt bizim evdə olmayıb. O, mənim evimdə top olduğunu bilib. Çünki nəvəm bizə gələndə onunla top-top oynayıb. Qız top boş olduğu üçün istəmədi və getdi. 5-10 dəqiqə sonra atası gəldi. Qapını açan kimi heç nə demədən mənə yumruq atdı, yerə yıxıldım. Məni vurdu, sol gözümdən xəsarət aldım".
Bəxtiyar qeyd edib ki, hadisə günü içki qəbul etməyib: "Ancaq döyüldükdən sonra vəziyyətim yaxşı deyildi, ağrılarım var idi. Buna görə axşam yatmazdan əvvəl spirtli içki qəbul etdim. Mütəmadi içki içmirəm. Yalnız xeyir işlərdə və məclislərdə içdiyim olur. Qızın atasını tanımamışam. Ola bilsin, heç nə başa düşməyib, yəni anlaşılmazlıq olub. O, heç məni dinləmədi də".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, orta məktəbin 3-cü sinif şagirdidir. Atası ustadır, anası isə özəl sektorda işləyir:
"Özümdən kiçik 6 yaşında qardaşım var. Yay tətilində anam hər gün səhər saat 09:00-da işə getdikdən sonra atam saat 10-11-ə qədər bizə nəzarət edib, sonra isə öz işlərinin arxası ilə gedib. Atam gedəndən sonra nahara kimi qardaşımla düşərək həyətdə oynamışıq, anamın işdən evə gəlməsini gözləmişik. Anamı gözləyən zaman həyətə düşən başqa uşaqlarla oynamışıq. Sonradan adını bildiyim Bəxtiyar da binada başqa blokda yaşayır. Həyətdə uşaqlarla oynayan zaman həmin kişini tez-tez görmüşəm".
Ləman qeyd edib ki, sentyabrın 2-də uşaqlarla oynayan zaman Bəxtiyar yanlarına gəlib: "Məni qucağına götürərək üzümdən öpdü, "Allah səni kəsməsin!" deyərək bizimlə futbol oynamağa başladı. Futbol oynayanda içkili olduğundan yıxıldı. Sonra ayağa qalxaraq evinə getdi. Səhəri gün saat 17 radələrində həyətdə rəfiqələrimlə oynadım. Sonra yanımda rəfiqələrimdən yalnız Nərmin qaldı. Blokun qarşısında oynayan zaman Bəxtiyarın zibil atmaqdan gəldiyini gördük. Məni qucaqlayıb öpdükdən sonra evinə çıxdı. Eyvandan baxaraq əl etdi, məni yanına çağırdı, amma onun yanına getmədim. Nərmin Bəxtiyarın məni çağırmasını gördü və oradan qaçaraq skameykada oturdu. Mən isə yorulduğumdan yerimdə qaldım. Aradan 2-3 dəqiqə keçmiş Bəxtiyar həyətə düşərək mənə yaxınlaşdı. Sağ əlimdən tutaraq məni bloka tərəf apardı. Qorxduğumdan qışqıra bilmədim və onun əlindən qaçmağa cəhd etmədim. Bəxtiyar məni yaşadığı mənzilə gətirdi. Həyətdən anamın səsi gəldi. Bundan başqa atamın da addım səsləri eşidildi. Bəxtiyar bunu hiss edərək mənzildən çıxmağı, evdə olanlar barədə heç kimə heç nə deməməyi, tək olanda mənzilinə gəlməyimi göstəriş verdi. Mənzilin qapısından çıxan kimi atamı qapının qarşısında gördüm. Burada nə etdiyimi soruşanda ona Bəxtiyarım məni mənzilinə apardığını, bu barədə valideynlərimə heç bir söz deməməyi göstəriş verdiyini, həmçinin tək qalanda onun yanına gəlməyimi istədiyini dedim. Atam hirslənərək onun qapısını döydü. Bəxtiyar qapını açıb əvvəl örtmək istəsə də, atam qapını itələyərək açdı. Sonra Bəxtiyarı döydü. Məni də götürərək evə gəldi".
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəxtiyar 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilib.
Seçilən
13
oxu.az

1Mənbələr