AZ

Ermənistan üçün saziş, Cənubi Qafqaz üçün təhdid...

Strateji sazişin detalları heç bir halda Ermənistanın dövlət təhlükəsizliyinə zəmanət vermir

Sənəd hazırda müxtəlif adlar altında Ermənistana yerləşdirilən ABŞ hərbçilərinin hüquqi statusunu müəyyənləşdirmək üçün imzalanır

2023-cü il antiterror tədbirlərindən sonra Qərbin, xüsusilə də Bayden administrasiyasının Cənubi Qafqazla bağlı planlarında “məcburi yeniləmələr” edildi. Artıq Bayden administrasiyası maskasını çıxarmaq, əsl simasını göstəmək məcburiyyətində idi. Son bir il ərzində Bayden administrasiyası bu və ya digər şəkildə, açıq və ya gizli Ermənistanı dəstəkləməklə məşğuldur. Hətta müəyyən yollarla danışıqlar prosesinə mane olmağa çalışan, sülhyaratma işini qeyri-müəyyən müddətə təxirə salmaq üçün səy göstərən ABŞ-ın keçmiş hakimiyyəti nəticə etibarı ilə heç nə əldə edə bilmədi - əksinə, Ermənistan ilə Azərbaycan arasında ikitərəfli təmaslar nəticəsində əldə olunan uğurlar, 13 kilometrə yaxın ərazinin demarakasiya və delimitasiyasının aparılması, işğal altında olan 4 kəndin Ermənistan tərəfindən qaytarılmasından sonra Bayden hakimiyyəti daha fərqli yol seçdi. Artıq Ermənistan gizli yox, açıq şəkildə dəstəklənir və müdafiə olunurdu. Bunun bariz sübutu isə Brüsseldə üçtərəfli ABŞ - Aİ - Ermənistan görüşünün keçirilməsi və bu kontekstdə müvafiq sənədin imzalanması oldu. Düzdür, Bayden administrasiyası bu sənəddə hərbi əməkdaşlıqla bağlı hər hansı bir müddəanın olmadığını bildirsə də, əsl həqiqətdə bu üçtərəfli sənədin məhz Azərbaycana qarşı imzalandığı ortadadır. Bu isə, sülhə qarşı açıq təhdiddir.

ABŞ ilə Ermənistan saziş imzalayır...

Bayden administrasiyasının sonuncu prezident seçkilərində uğradığı acı məğlubiyyət onları daha da radikallaşdırıb - bu administrasiya hətta öz ölkəsinin maraqlarını belə zərbə altına qoymağa hazırdır. Qarşıdakı illərdə Tramp administrasiyasının başını məhz qoyduqları bu kimi qeyri-real “miras”larla qarışdırmaq istəyən Bayden administrasiyası səslənən yolda növbəti addımını atır. Dünən axşam imzalanması nəzərdə tutulan “strateji tərəfdaşlıq” sənədi ABŞ-ın köhnə rəhbərliyinin buraxdığı siyasi səhvlərdən birinə çevrilir. Xatırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinkenin yanvarın 14-ü axşam Vaşinqtonda strateji tərəfdaşlıq sənədini imzalayacaqları bildirilmişdi. Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bununla bağlı sosial şəbəkələrdə yazmışdı.

5 aprelin davamı...

Bəzi siyasi şərhçilər bu sənədi “5 aprel” görüşünün uğursuz davamı adlandırır.  Xüsusilə, Bayden hakimiyyətinin başa çatmasına cəmisi bir neçə gün qalmış belə bir addım atması bunu deməyə əsas verir. İlk növbədə diqqət yetirilməlidir ki, sənəd özünün açıqlamalarında yeni siyasi kursa üstünlük verəcəyini bildirən Donald Tramp üçün hazırlanmış bir kompromat xarakteri daşıya bilər. Bəlli olduğu kimi, Trampın siyasi hədəfləri tam fərqli məcrada inkişaf edir - burada siyasi intriqalar deyil, iqtisadi əməkdaşlıqlar, qarşılıqlı maraqlara söykənən tərəfdaşlıqlar əsas şərt kimi götürülür. Belə olan halda, dövlət katibi Blinkenin tələsik İrəvana “strateji tərəfdaş” donu biçmək istəməsi qarşıdakı dövrdə Vaşinqtonun Cənubi Qafqaz siyasətinə əl uzatmaq cəhdidir.

Mirzoyan Moskvaya çağırıldı...

Məsələyə Rusiyanın münasibəti də fərqli olub. Belə ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ Cənubi Qafqazda sabitləşdirici rol oynamayıb. Rusiya Ermənistanla bütün istiqamətlərdə əməkdaşlığı davam etdirməyə hazırdır. “Birləşmiş Ştatlar Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb, hətta bunun əksini demək olar. Bu fəaliyyətlər kontekstində ABŞ daim yeni ölkələri öz arxasınca çəkməyə çalışır”, - o bildirib. Bununla yanaşı, Peskov qeyd edib ki, Ermənistanın başqa ölkələrlə münasibətləri inkişaf etdirmək üçün suveren hüququ var.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi illik mətbuat konfransında rəsmi İrəvanın qərbyönümlü siyasət yürütməsinə, eləcə də Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacağına münasibət bildirərkən deyib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub. Rusiya xarici işlər naziri Ermənistanla dialoqun davam etdiyini əlavə edib. Qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub. “O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik”, - Lavrov qeyd edib.

Yeganə Hacıyeva: ABŞ bu tipli strateji tərəfdaşlıq sazişini 2009-cu ildə Gürcüstanla da imzalamışdı

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, ABŞ ilə Ermənistan arasında strateji sazişin detalları hələ 2024-cü ilin iyun ayında razılaşdırılmışdı: “Bu deyildiyi kimi o qədər də tələsik hazırlanmış bir sənəd deyil. Bu saziş ABŞ ilə Ermənistan arasındakı strateji tərəfdaşlıq dialoqunun yekun mərhələsi kimi Vaşinqtonun xarici siyasətində tərəfdaş ölkələrə tətbiq etdiyi adi praktikadır. Burada “xüsusi dəstəklənmə” kimi nüans yoxdur. Yəni, bu saziş Ermənistanın ABŞ tərəfindən xüsusi dəstəyini ifadə etmir. Nəzərə alaq ki, ABŞ Cənubi Qafqazda bundan öncə də analoji bir sənəd imzalayıb və bu strateji tərəfdaşlıq sazişi 2009-cu ildə Gürcüstanla imzalanıb. Bu gün Gürcüstanla ABŞ arasında münasibətlər göz önündədir”.

Y.Hacıyeva qeyd edib ki, məsələnin detalları çoxşaxəlidir. Belə ki, ABŞ ilə Ermənistan arasındakı saziş Vaşinqtonun xarici siyasətinin təhlükəsizlik aspektlərinin ən yüksək pilləsini təşkil etmir. Başqa sözlə, bu adi sazişdir və müttəfiqlik demək deyil. “Bu sazişi ABŞ-İsrail, ABŞ-Böyük Britaniya münasibətləri səviyəsində izah etmək düzgün deyil. Bu saziş tərəfdaşlıq dialoqunun yekun mərhələsi kimi imzalanan bir sənəddir. İsrail və Böyük Britaniya ilə imzalanan isə ABŞ-ın strateji müttəfiqi olmaqla bağlı sazişdir. Bunlar fərqlidir. Strateji sazişin detalları heç bir halda Ermənistanın dövlət təhlükəsizliyinə zəmanət vermir. Sənəd həlledici məqamlarda silah satışı, silahla təmin etmək kimi detalları özündə ehtiva etmir. Amma bu saziş ABŞ-ın hərbi qruplarının Ermənistan ərazisində müxtəlif adlar altında yerləşdirilməsi üçün hüquqi əsas verir. Fikrimcə, saziş hazırda müxtəlif adlar altında Ermənistana yerləşdirilən ABŞ hərbçilərinin hüquqi statusunu müəyyənləşdirmək üçün imzalanır. Narahatedici məqamlardan biri sənəddə əksini tapan axırıncı bənddir. Bu, ABŞ-ın Ermənistanla enerji dayanıqlılığının təmin olunması üçün nüvə sənayesindəki əməkdaşlığı məsələsidir. Bu məsələ də ABŞ-da müxtəlif dövrlərdə müxtəlif səviyyələrdə, hətta Ermənistandakı səfirlik səviyyəsində dilə gətirilib. Ermənistanın ərazisində kiçik atom stansiyalarının yerləşdirilməsi bu ölkənin enerji dayanıqlığının dəstəklənməsi kimi dəyərləndirilir. Strateji sazişdə bir bənd də buna aiddir”, - deyən Y.Hacıyeva əlavə edib ki, sənəd bütün beynəlxalq sənədlər kimi ratifikasiya olunmalıdır və prezident tərəfindən imzalanmalıdır. Amma ortada nonsens var: “Ermənistan həm Rusiyanın strateji tərəfdaşıdır - ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşir, həm də ABŞ ilə strateji tərəfdaşlıq imzalayır, Aİ ilə strateji tərəfdaşlıq etməyə çalışır. Bu, nonsesdir. Bu qədər qlobal konfrantasiyada olan ölkələrin bir ölkəni özünə qeyd-şərtsiz tərəfdaş seçməsi özü maraqlıdır. Məsələn, bu haqq Gürcüstana tanınmadı. Ermənistan Rusiyaya yaxın ola bilər, amma Gürcüstan üçün bu haqq tanınmır. Məhz bu amil ona irad tutuldu və parlament seçkilərindən sonra 2009-cu ildə imzalanan tərəfdaşlıq sənədi ləğv edildi”.

P.SADAYOĞLU

Seçilən
6
50
yeniazerbaycan.com

10Mənbələr