AZ

Cənubi Koreya Prezidenti həbs edildi  -VİDEO

Hüquq-mühafizə orqanları Koreya Respublikasının Prezidenti Yun Sok Yolu həbs ediblər.

Sabahinfo.az xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məlumat yayıb.

Dövlət başçısı qiyam təşkil etməkdə şübhəli bilinir.

Qeyd olunur ki, Cənubi koreyalı müstəntiqlər ölkə başçısını həbs etmək üçün yerli vaxtla səhər saat 7:30-da onun iqamətgahına daxil olub.

Cənubi Koreya televiziya kanalları müstəntiqlərin iqamətgaha daxil olmasını canlı yayımlayıb. Prezidentin təhlükəsizlik xidməti və hakim partiyanın deputatları mane olmağa çalışsa da, müstəntiqlər polisin dəstəyi ilə iqamətgaha girə biliblər. Bundan başqa, sarayın ətrafına Prezident Yun Sok Yolu dəstəkləyən 7 minə yaxın adam toplaşıb. Polislərə prezidenti dəstəkləyənlər arasında fiziki toqquşmalar da olub. Hətta orta yaşlı bir qadının xəsarət aldığı bildirilir. Bu, ölkədə hərbi rejimin elanı ilə əlaqədar qiyama cəhd şübhəsi ilə başlanmış təhqiqat çərçivəsində dövlət başçısını saxlamaq üçün 2-ci cəhddir.

Yanvarın 3-də istintaq qrupu iqamətgaha gələrək Prezidenti saxlamağa cəhd etsə də, təhlükəsizlik xidmətinin müqaviməti nəticəsində mümkün olmayıb. Yanvarın 14-də polis, istintaq qrupu və prezidentin təhlükəsizlik xidməti həbs orderinin icrasını müzakirə etmək üçün 2 dəfə görüşüb.

Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalifət bununla kifayətlənməyərək parlamentdə Prezidentin impiçmentinə dair qərarın qəbuluna nail olub. İmpiçmentdən sonra ölkədə qiyama cəhd şübhəsi ilə istintaq başlayıb. Prezidentin ölkədən çıxışına qadağa qoyulub. Yun Sok Yol istintaqın çağırışlarına məhəl qoymadığı üçün Seul məhkəməsi Prezidentin həbsi ilə əlaqədar order verib.

Seçilən
1
9
sabahinfo.az

10Mənbələr