AZ

9 minə təmir olunub, 3 minə satılan“Volqa” yeyintisi”nə münasibət - Nazirlik

QAZ-3110 “Volqa” markalı avtomobilin təmiri və satış qiyməti ilə bağlı 2022-ci il dekabr ayından tender prosesi “Dövlət satınalmarı haqqında” Azərbaycan Respublikası qanununun 48-ci maddəsinə uyğun şəkildə həyata keçirilib. Tenderdə iştirak edən tərəflərdən ən uyğun təklif seçilib, lakin tender rəhbərlikdə baş verən dəyişikliklər səbəbindən qalib şirkətlə müqavilə imzalanmayıb və tender icra olunmayıb.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəqliyyat vasitəsinin istismar müddətinin bitdiyi üçün onun özgəninkiləşdirilməsi prosesi əmlak qanunvericiliyinə uyğun şəkildə dövlət portalı üzərindən şəffaf olaraq həyata keçirilib. Avtomobilin satış qiyməti müstəqil ekspert qiymətləndirməsi əsasında müəyyən olunub və mövcud bazar şərtlərini əks etdirib:

"Prosesin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmamasına hər hansı bir iddialar varsa, pozuntularla bağlı araşdırmaların aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilə bilər".

Qeyd edək ki, mediada yer alan məlumata görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə keçirilən prosesdə maraqlı faktlar üzə çıxıb.

İnstitut 2022-ci ilin dekabrında QAZ-3110 – “Volqa” markalı avtomobilin təmiri üçün tender elan edib. Tenderin nəticələrinə əsasən, növbəti ildə “Volqa” avtomobili əsaslı təmir edilib. Təmir İnstituta 9 min manata başa gəlib. Təmirinə 9 min manat xərclənən avtomobil 2025-ci ildə əmlak.gov portalında dəyərindən demək olar ki, 3 dəfə ucuz qiymətə - 3600 manata satışa çıxarılıb.


Müəllif: Şəbnəm Zahir
Seçilən
1
10
teleqraf.com

10Mənbələr