1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın Vladivostok şəhərində maraqlı hadisə yaşanıb.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, oğurladığı yolsuzluq avtomobili ilə qeyri-adekvat hərəkətlər nümayiş etdirən kişi əvvəlcə şəhərin mərkəzi meydanındakı məbədə girməyə cəhd edib, polis maşınına, avtobusa və bir neçə avtomobilə çırpılıb, həmçinin məbədin qapılarını da əzib, sonda isə Eleonora Preyin abidəsinin yanında dayanıb.
Primorye diyarının prokurorluğundan verilən məlumata görə, 38 yaşlı kişi qızması üçün işlək vəziyyətdə olan "Range Rover" markalı avtomobili oğurlayıb. Başqasının maşınında mərkəzi meydanın piyada hissəsi ilə hərəkət edib, məbədə tərəf istiqamətlənib, bir neçə avtomobilə zərər vurub və Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşlarından qaçmağa çalışıb.
O, Svetlanskaya küçəsində Eleonora Preyin abidəsinin yanında saxlanılıb. Məlum olub ki, kişi Xabarovskda qeydiyyatdadır, daha əvvəl Primoryedə yaşayıb.
Bildirildiyinə görə, kişi ayıq olub və etiraf edib ki, başqa yerdə alınan şamları yandırmaq qadağan olunduğu üçün kilsənin qapılarını əzib.
Həmçinin qanunu pozan şəxsin keçmiş müstəntiq Aleksandr Q. olduğu qeyd edilir.
Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əlamətləri üzrə istintaq araşdırması tətbiq edilib.