Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Culfa rayonu, Culfa bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov bildirib ki, seçkilər hər bir siyasi partiyanın reytinqini göstərən önəmli amillərdən biridir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası digər seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də hər zaman yüksək fəallıq göstərib və mühüm uğurlara imza atıb. “Bu seçkilər də YAP-ın zəngin və şərəfli tarixinə növbəti qələbə səhifəsi kimi yazılacaq”, - deyə o vurğulayıb.
Seçki qərargahının üzvləri Cəlal Həsənli, Alim Nəcəfov, Ədalət Əhmədov, bələdiyyə üzvlüyünə namizədlər Elza Hüseynli, Elməddin Muradov, Ümüd Həsənli, Məhəmmədəli Əliyev və Nicat Hüseynov bələdiyyə seçkilərinin əhəmiyyətini diqqətə çatdırıblar. Onlar YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək seçiciləri partiyanın namizədlərini dəstəkləməyə çağırıblar.