AZ

Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq region üçün yeni risklər və təhdidlər yaradacaq - ŞƏRH

Deputat Zahid Oruc bildirib ki, Ermənistan ABŞ qanadı altına daxil olmaqla daha güclü himayəçilik gözləyir.

Xəbər verdiyimiz kimi yanvarın 14-də Vaşinqtonda xarici işlər naziri Ararat Mirzoyan və dövlət katibi Antoni Blinken Ermənistanla Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb

Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədinin imzalanması regiona və Ermənistana hansı təsirlər göstərilməsi ilə bağlı məsələni Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc "Operativ Media"ya şərh edib:

"Ermənistan-ABŞ strateji müttəfiqliyi region üçün yeni təhdidlər mənbəyidir. Faktiki olaraq, 90-cı illərdə qeyri-rəsmi olaraq bu müttəfiqlik elan olunmuşdur. O dövr üçün ABŞ-nin dövlət katibi James Baker, həmçinin Corc Burş Administrasiyasının Azərbaycana qarşı sərt sanksiyalar fonunda Ermənistana güclü bir şəkildə himayə etdiyinin şahidi olmuşduq. Bu proses uzun müddət davam edib. Ermənistanın ABŞ-dən aldığı yardımlar 2 milyard dollardan yuxarı idi. Yardım böyük titullu ibarələrlə pərdələnsə də mahiyyət Ermənistan dövlətini təcavüzkarlıq və işğalçılıqda qoruyub saxlamaq və gücləndirmək idi. Yəni,  ABŞ Ermənistanın demokratiyasına, insan haqlarına, administrativ islahatlara, üçüncü sektorun inkişafına, media azadlıqlarına vəsaitlər ayırdıqlarını bildirsələr də, heç vaxt son nəticələri araşdırmaq imkanları olmayıb.  Elə buna görə də bütün dövrlərdə Kaçaryan və Sarkisyan hakimiyyətləri Amerika pullarını Qarabağda işğalın möhkəmləndirilməsi istiqamətinə yönəldirdilər".

Deputat bildirib ki, Ermənistan ABŞ qanadı altına daxil olmaqla daha güclü himayəçilik gözləyir:

"Tramp dövründə bu münasibətlər xeyli dərəcədə zəiflədi. Çünki regiona fərqli yanaşma oldu və balanslı münasibət göstərildi. Azərbaycanın obyektiv olaraq missiyası bölgədə strateji önəmi ortaya çıxdı. ABŞ bunu müsbət dəyərləndirdi. Əlbəttə, ona qədərki dövrdə də bu və ya digər hakimiyyətlər balans saxlamağa çalışırdılar.

Yekun olaraq, indiki halda Ermənistanın Rusiyadan qopan, KTMT-dəki dondurulmuş üzvlüyünə və regionda İranla müttəfiqliyinə zərbə vuran addımlar atır. Çünki son 5 ildə İran açıq mətnlə Ermənistana himayə edirdi. Amma hazırda ABŞ müttəfiqi İranın bir addımlığında sərhəddindədirsə, bu özü-özlüyündə Ermənistan və İran arasında yeni bir münasibət deməkdir. Bu, açıq şəkildə Tehran hakimiyyətinə təhdidlərin yaranmasıdır. Digər tərəfdən isə, Rusiya əleyhinə açılan cəbhənin və bölgədə NATO-nun iştirakı üçün gələcəkdə imkanlar qazandırmasıdır. Çünki ABŞ, əslində, NATO-dur.

Beləliklə, Ermənistan ABŞ qanadı altına daxil olmaqla daha güclü himayəçilik gözləyir. İlk olaraq bununla böyük maliyyə yardımları gözləyir. İkinci olaraq isə hərbi silah və texniki yardımı almaq niyyətindədir. Çünki Qarabağ savaşına görə ABŞ müəyyən qədər bölgəyə silahların satışına sanksiyalar tətbiq etmişdi. İndiki halda bu sanksiyalar aradan qalxacaq. Və ağır ölümcül silahların regiona gətirilməsi baş verə bilər. Bu, tam realdır. ABŞ Konqresində, idarəçiliyində güclü ermənipərəstlərin nüfuz etdiyini nəzərə alaraq, tam əminliklə demək olar ki, Ermənistan ABŞ tərəfindən silahlandırılacaq. Ermənistan bu bölgənin yeni Ukraynasına çevriləcək. Və bu statusu biz tam açıq şəkildə deməliyik. Bu müttəfiqlik digər qüvvələrin mənafelərinə və təhlükəsizliyinə ciddi təhdidlər yaradır".

Zahid Oruc bildirib ki, region ölkələri Ermənistana qarşı mövqelərini dəyişəcək:

"Yekun olaraq, mən düşünürəm ki, Prezident İlham Əliyevin bu yaxınlarda televiziyalara verdiyi müsahibədə dediyi kimi, ölkəmiz qətiliklə bu prosesi passiv müşahidəçi kimi izləməyəcək.

Azərbaycan bir tərəfdən, hərbi imkanlar genişləndirilir, digər tərəfdən, ölkəmizin müttəfiqlərinin sayı gün-gündən artır. Lakin açıq desək, Ermənistanın bu davranışları, bir mənada, bizim maraqlarımıza uyğundur. O mənada ki, Ermənistan getdikcə daha çox labirintə düşür. Bir çox ənənəvi müttəfiqləri ilə ciddi konfliktlər yaşayır. Və bu proses Ermənistanın iqtisadi və sosial maraqlarına ciddi zərbə vurur. Yəni,  Rusiya Ermənistan üzərində müxtəlif iqtisadi sanksiyalar tətbiq edə bilər. Digər tərəfdən, çox gözləniləndir ki, MDB məkanına daxil olan ölkələr, Rusiya ilə bir alyansda iştirak edən qüvvələr maksimum dərəcədə Avrasiya iqtisadi birliyindən də Ermənistanı xaric etmək mövqeyi tutacaqlar. Bu isə bölgədə vaxtı ilə özünü işğal səbəbindən tam izolyasiya etmiş dövləti daha da zərbə altına qoyacaq. Bu isə bizim üçün əlavə imkanlar yaradır. Yəni, Belarus, Qazaxıstan və digər dövlətlərlə Ermənistan arasında problemlər yaşanacaqdır. Tehran hakimiyyəti indiki reallıqda bu vəziyyəti düzgün də təhlil edəcək. Onlar Azərbaycanla siyasətə yenidən müsbət yanaşacaq. İranla əlaqələrini isə müəyyən qədər zəiflədəcəklər.

ABŞ, 1979-cu ildən aparılan müharibənin tərəfi olan İran, Yaxın Şərqdə İsraillə üz-üzə olan bir ölkə, bu gün düz bir addımlığında bir əyalət boyda olan tərəfdaşından bu cür zərbə alıb. Özdə, Ermənistanın Azərbaycan əleyhinə daim gücləndirilməsinə baxmayaraq. Bizim təşviqat arsenalımızda hər zaman bu mövqe ön planda olmalıdır. Çünki bu, həm də İran siyasətinin nəticəsidir. Azərbaycan əleyhinə mövqeləri gücləndirir, bəyanatlar, açıq təzyiq mesajları və s. yaradırdılar. Amma əvəzində Ermənistan Donald Trampın hakimiyyətə gəlməsindən az əvvəl bu müttəfiqliyi elan edir. Buna görə də, region üçün yeni risklər və təhdidlər yaradacaq Ermənistana qarşı region dövlətlərin mövqeləri dəyişəcəkdir".

Seçilən
2
50
operativmedia.az

10Mənbələr