AZ

Rafael Bünyatov “Mingəçevir”lə bağlı planları açıqladı

ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bünyatov “Mingəçevir” klubu ilə bağlı planlarını açıqlayıb.

Arena.az xəbər verir ki, o, bu gün tərəfdaşlıq müqaviləsi imzaladıqları Birinci Liqa təmsilçisini inkişaf etdirmək üçün atacaqları addımlar barədə danışıb:

“Bildiyiniz kimi, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, həmçinin inzibati bölgələrdə idmanın müxtəlif növlərinə xüsusi diqqət və qayğı ilə yanaşılmasına böyük əhəmiyyət verir. Mingəçevir də futbol ənənələri olan şəhərlərimizdən biridir. Azərbaycanın ən yaxşı futbolçularının yolu bir zamanlar bu şəhərdən keçib. Şəhərdəki insanların futbola münasibətini və futbol ənənələrini nəzərə alaraq seçimimizi “Mingəçevir” üzərindən etdik.

Əlbəttə, başqa variantlar da var idi. Amma Futbolun İnkişaf Fondu ilə müvafiq məsləhətləşmələrdən sonra seçimimiz məhz Birinci Liqada çıxış edən “Mingəçevir” klubu oldu. Əsas məqsədimiz komandanın mövcud potensialını daha da gücləndirmək, qısa zaman kəsiyində hələlik daxili çempionatda rəqabət qabiliyyətli futbol oynayan, müasir tələblərə cavab verən bir komanda formalaşdırmaqdır”.

Bünyatov infrastrukturla bağlı hansı dəyişikliklər planlaşdırdıqlarını da açıqlayıb:

“İnfrastrukturla bağlı dəyişikliklər planlaşdırılıb. Mütləq qaydada köklü dəyişikliklər həyata keçirilməli, komandanın maddi-texniki bazası gücləndirilməlidir. Çünki müasir futbol bunu tələb edir. Hazırda sənədləşdirmə və layihələndirmə mərhələsindəyik. Maddi bazası güclü olmayan klub inkişaf edə bilməz. Bu baxımdan ilkin olaraq zəruri infrastruktur dəyişiklikləri aparılmalı və klubun mövcud bazası təkmilləşdirilməlidir. Qeyd olunan istiqamətdə lazımi addımlar atılır və yaxın zamanlarda idman ictimaiyyəti bunun nəticəsi ilə tanış olacaq.

İlk növbədə Birinci Liqada qalmağı planlaşdırmışıq. Daha sonra inkişaf üçün yeni baza yaratmaq, meydanları bərpa etməyi planlaşdırmışıq. Bundan başqa bazanın kənarlarında əlavə üç meydança nəzərdə tutulub. Uşaq akademiyası yaradılacaq. “Marcet” Akademiyasının təlimlərini Mingəçevir şəhərinə salmaq və burada hər il 4-6 toplanış keçirmək planlaşdırılıb.

Klubun tez bir zamanda təşkilati baxımdan yenidən qurulması, maddi-texniki bazasının və heyətinin gücləndirilməsi, Birinci Liqada yuxarı yerlər uğrunda mübarizə aparacaq səviyyəyə çatdırılması qısamüddətli hədəflərimizə aiddir. Uzunmüddətli hədəflərə gəlincə, əlbəttə, Azərbaycan Premyer Liqasında çıxış etmək bizim üçün ən böyük uğur olardı”.

“Hədəflərimizə ən uyğun gələn mütəxəssis kimi Füzuli Məmmədovu seçdik”

Rafael Bünyatov komandanın cari mövsümdəki uğursuz çıxışına da toxunub:

“Komanda hazırda Birinci Liqada sonuncu sıradadır. Amma oradan qurtulmağımız üçün xal fərqi böyük deyil. Önümüzdəki oyunların sayını, yəni mövsümün başa çatmasına 16 tur qaldığını nəzərə alsaq, Birinci Liqada yerimizi qalacağımıza inamımız böyükdür. Uğursuzluqdan qurtulmaq üçün artıq addımlar atmağa başlamışıq. Yenilənmiş texniki heyətimiz var, yeni oyunçuların cəlb olunması prosesinə başlanılıb. Komandada əhval-ruhiyyə çox yüksəkdir. Önümüzdəki oyunlarda çox fərqli “Mingəçevir” görəcəksiniz. Növbəti mövsümdə hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaq deyil. Amma “Mingəçevir”in növbəti mövsümdə çox iddialı olacağını deyə bilərəm.

Yeni baş məşqçimiz Füzuli Məmmədovdur. Baş məşqçi ilə bağlı bir neçə variantı nəzərdən keçirdik, hədəflərimizə ən uyğun gələn mütəxəssis kimi Füzuli Məmmədovu seçdik. Füzuli müəllimə inamımız böyükdür. Onun keçdiyi məşq prosesindən, futbolçularla münasibətindən razıyıq. İnşallah, uzun müddət bizimlə bir yerdə olar”.

Seçilən
1
2
arena.az

10Mənbələr