AFFA-nın bir müddət əvvəl açıqladığı inkişaf strategiyasının layihəsi Azərbaycan futbolunun gələcəyinə hesablanıb.
İdman.biz bu layihədə yer alan detalları araşdırmaqda davam edir.
Strategiyadakı 1-ci hədəfi nəzərdən keçirdikdən sonra ikinci planda duran məsələyə göz gəzdirək. AFFA ölkəmizin UEFA-nın klub reytinqində ilk “20-yə” daxil olmasını uzunmüddətli hədəf olaraq nəzərdə tutur.
20-ci yer bizə nə verir?
Maraqlıdır, görəsən “20-liy”ə düşmək klublarımıza nə verəcək? Bunun üçün ölkələrin avrokuboklardakı klub bölgüsünə nəzərdə salaq. Azərbaycan siyahıda elə “20-liy”in sonuncu – 20-ci pilləsinə yüksəlsə, böyük ciddi dəyişiklik olmayacaq. Elə adət etdiyimiz kimi bir komanda Çempionlar Liqasında, biri Avropa Liqasında, ikisi Konfrans Liqasında oynayacaq. Təmsilçilərimiz Avropa Liqasına yenə 1-ci, Konfrans Liqasına 2-ci təsnifat mərhələsindən başlayacaq. Yeganə fərq Çempionlar Liqası ilə bağlı olacaq. 20-ci yerin sahibinin çempionu 1-ci deyil, 2-ci raunddan yarışa qoşulur. Amma cari mövsüm klub reytinqi yüksək olduğu üçün “Qarabağ” da eyni vəziyyətdə idi. 20-ci yer Ağdam klubu deyil, başqasının çempionluğunda daha ciddi təsir edəcək. Qurbanovun komandası isə ya reytinqinə görə yenə 2-ci mərhələdən başlayacaq, ya da özü üçün məşqə bənzəyən ilk raundda hansısa rəqibi əzib keçəcək.
Mümkünsüz xəyal
Klub bölgüsündən danışarkən ciddi dəyişiklik üçün nəyin lazım olduğuna baxaq. İndiki sistemlə bunun üçün 15-ci yerə qədər irəliləmək lazımdır. Bu pilləni ələ keçirmək hətta komanda sayının artımına da səbəb olacaq. Reytinqin 15-cisi Çempionlar Liqasında 2, Avropa Liqasında 1, Konfrans Liqasında 2 komanda göndədir. Çempion da, gümüş mükafatçı da qitənin ən nüfuzlu klub turnirinə 2-ci təsnifat mərhələsindən başlayır. Biri çempionlar, digəri qeyri-çempionlar yolunda mübarizə aparır. Avropa Liqasında oynayan kubok sahibi isə birdən birə 1-ci deyil, 3-cü təsnifat mərhələsindən yarışa başlayır. Konfrans Liqasındakı iki təmsilçi isə elə 2-ci raunddan yarışa qoşulur. Amma bunlar 2-3-cü deyil, 3-4-cü yer sahibləridir. Maraq üçün qeyd edək ki, artıq 14-cü yerin çempionu 3-cü təsnifatdan oynamaq imkanı qazanır. Amma real olsaq, nə qədər pessimist səslənsə də, 15-ci yer nəinki uzunmüddətli, heç əbədi hədəf kimi də inandırıcı deyil. Bir sözlə, bunu mümkünsüz saymaq olar. Təbii ki, tez-tez islahatlar aparan, yeni turnirlər və formatlar “icad edən” UEFA mövcud bölgü sistemini dəyişənə qədər.
Acı reallıq
İlk “20-liy”i hədəfləyən AFFA-nın yəqin ki, indiki durumdan da xəbəri var. Hazırda Azərbaycan 55 ölkənin tən ortasında – 28-ci yerdədir. 19,625 xala malik ölkəmizi hədəfdən 8 pillə ayırır. Üstəlik, nəzərə almaq lazımdır ki, hazırda yarışlardan kənarlaşdırılan Rusiya “Top-10”un az qala daimi sakini idi. Bizi uzunmüddətli hədəfə aparan dövrdə indi 30-cu olan şimallılar da yarışlara və öz mövqelərinə qayıda bilər.
Hazırda 20-ci sırada Kiprdir. Ada ölkəsinin hesabında 25,662 xal var. Azərbaycan isə “20-lik”dən nə az, nə çox – 6,037 xal ayırır. Kiprlə aramızda isə kifayət qədər futbol ənənəsinə malik Ukrayna, Serbiya, İsveç, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan da var. Əlbəttə, bu ölkələrdən bir neçəsini keçmək mümkündür. Amma 20-ci olan Kipr və 7 izləyicisini, Rusiya ön pillələrə qayıtsa isə, hətta 19-cu olan Xorvatiyanı da keçmək zəruri olacaq. Düzdür, balkanlılar Kiprdən çox da öndə deyil. Amma Zaqreb “Dinamo”sunun ən yaxşımız sayılan “Qarabağ”a göstərdiyi fərq nikbinliyə şans tanımır.
Maraq üçün komanda sayının dəyişikliyinə imkan verən 15-ci yerə göz gəzdirək. Şotlandiyanın hesabında 32,500 xal var. Üstəlik, 20-ci olan Kiprin üç, Xorvatiyanın bir, Şotlandiyanın iki komandası mübarizəni davam etdirir və xal sayını artırmaq imkanları yox deyil.
Yer | Ölkə | reytinq |
1 | İngiltərə | 99,767 |
2 | İtaliya | 87,918 |
3 | İspaniya | 82,453 |
4 | Almaniya | 78,550 |
5 | Fransa | 65,093 |
6 | Niderland | 59,900 |
7 | Portuqaliya | 58,466 |
8 | Belçika | 53,100 |
9 | Çexiya | 42,250 |
10 | Türkiyə | 40,950 |
11 | Avstriya | 34,950 |
12 | Yunanıstan | 34,625 |
13 | Norveç | 34,562 |
14 | İsveçrə | 33,225 |
15 | Şotlandiya | 32,500 |
16 | Danimarka | 32,293 |
17 | Polşa | 31,875 |
18 | İsrail | 31,625 |
19 | Xorvatiya | 26,525 |
20 | Kipr | 25,662 |
21 | İsveç | 25,125 |
22 | Serbiya | 25,100 |
23 | Ukrayna | 23,400 |
24 | Macarıstan | 22,500 |
25 | Slovakiya | 21,250 |
26 | Rumıniya | 20,625 |
27 | Bolqarıstan | 19,625 |
28 | Azərbaycan | 19,625 |
29 | Sloveniya | 18,343 |
30 | Rusiya | 18,299 |
31 | Moldova | 14,500 |
32 | İrlandiya | 14,468 |
33 | İslandiya | 13,020 |
34 | Ermənistan | 12,250 |
35 | Kosovo | 12,041 |
36 | Bosniya H. | 11,906 |
37 | Latviya | 11,750 |
38 | Finlandiya | 11,750 |
39 | Qazaxıstan | 11,125 |
40 | Farer ad. | 10,750 |
41 | Malta | 8,500 |
42 | Ş.İrlandiya | 8,333 |
43 | Litva | 8,250 |
44 | Lixtenşteyn | 8,000 |
45 | Estoniya | 7,957 |
46 | Albaniya | 7,875 |
47 | Monteneqro | 7,208 |
48 | Lüksemburq | 6,875 |
49 | Uels | 6,791 |
50 | Gürcüstan | 6,625 |
51 | Ş.Makedoniya | 6,166 |
52 | Belarus | 6,000 |
53 | Andorra | 5,498 |
54 | Cəbəllütariq | 5,457 |
55 | San Marino | 2,498 |
Hədəfin üç addımlığında
Tarixə nəzər salsaq, Azərbaycanın “Top-20”yə yaxınlaşdığı vaxtlar da olub. Bu, 2017/18 mövsümünün sonuna təsadüf edib. 2018-ci ilin yayında ölkəmiz tarixinin rekorduna imza atıb. Həmin vaxt 23-cü olan Azərbaycan “Top-20”nin üçaddımlığında qalıb. Hətta 20-ci yerlə fərq də cüzi olub. Rumıniya ölkəmizi vur-tut 1,325 xal qabaqlayıb. Amma bu göstərici 6 il yarım əvvəl qeydə alınıb.
Azərbaycanın xal rekordu isə 20,125-dir. Bu nəticə ötən mövsümün sonunda qeydə alınıb. Tarixində ilk dəfə xal sayında “20”ni keçsək də, “20-lik”dən çox uzaqda – 28-ci olmuşuq.
İl | Reytinq | yer |
1993/94 | - | - |
1994/95 | 0,000 | 48 |
1995/96 | 0,500 | 48 |
1996/97 | 1,833 | 48 |
1997/98 | 1,833 | 48 |
1998/99 | 0,916 | 48 |
1999/2000 | 1,249 | 46 |
2000/01 | 1,665 | 42 |
2001/02 | 1,165 | 47 |
2002/03 | 1,165 | 49 |
2003/04 | 1,165 | 48 |
2004/05 | 1,332 | 48 |
2005/06 | 1,999 | 47 |
2006/07 | 3,166 | 44 |
2007/08 | 3,832 | 42 |
2008/09 | 4,498 | 41 |
2019/10 | 5,498 | 38 |
2010/11 | 6,165 | 37 |
2011/12 | 6, 207 | 37 |
2012/13 | 8,541 | 32 |
2013/14 | 10,375 | 30 |
2014/15 | 12,500 | 29 |
2015/16 | 14,875 | 26 |
2016/17 | 17,750 | 26 |
2017/18 | 19,125 | 23 |
2018/19 | 19.000 | 26 |
2019/20 | 18,750 | 26 |
2020/21 | 16,875 | 26 |
2021/22 | 17,000 | 26 |
2022/23 | 16,625 | 29 |
2023/24 | 20,125 | 28 |
2024/25 | 19,625 | 28 |
Hər mövsüm “5+” xəyalı
2018-ci ildə 20-dən bir az artıq xal toplamaq “20-lik” üçün yetərli idisə, ötən yay belə nəticə 28-ci yerlə nəticələnib. Bu isə o deməkdir ki, öndəki ölkələrin qazancları əvvəlkindən daha çoxdur. Son 5 mövsümün finişində 20-ci olanların xallarına baxaq. 2024-cü ildə Xorvatiya (25,525), 2023-cü ildə Yunanıstan (25,225), 2022-ci ildə Türkiyə (27,100), 2021-ci ildə Yunanıstan (26,000), 2020-ci ildə Xorvatiya (24,875) “Top-20”ni qapayıb.
Göründüyü kimi, artıq uzunmüddətli hədəfimiz üçün 25 xal toplamaq minimum vəzifəyə çevrilir. Bu isə hər mövsümdə orta hesabla 5-dən çox xal yığmağı zəruri edir. Keçmişə göz gəzdirsək, Azərbaycan tarixində yalnız bir dəfə bunu bacarıb. 2023/24 mövsümündəki rekord az qala hər dəfə qeydə alınmalıdır ki, “20-liy”ə yaxın düşək. Belə yüksək nəticə üçün hər dəfə bir komandamız heç olmasa 1/8 final görməli, digərləri də uğurlu oynamalıdır. Hətta bunun da yetərli olmasını əminliklə söyləmək çətindir. İki klubun qrupda oynadığı mövsümlər də böyük xallar üçün kifayət etməyib. Bəlkə də 23-cü yerə yüksəldiyimiz kimi ora da bir dəfə düşmək olar, amma “20-liy”in daimi sakinlərindən birinə çevrilmək heç də asan olmayacaq. Tək “Qarabağ”la isə mümkün deyil, 2-3 klub da Ağdam təmsilçisi qədər uğurlu olmalı və bu nəticələr sabitliyi ilə seçilməlidir. Bir sözlə, hədəf nə qədər arzulanan olsa da, bir o qədər də uzaq görünür.
İl (yayda) | Əmsal | Yer |
1993/94 | - | - |
1994/95 | 0,000 | 47 |
1995/96 | 0,500 | 46 |
1996/97 | 1,333 | 41 |
1997/98 | 0,000 | 44 |
1998/99 | 0,000 | 46 |
1999/2000 | 0,333 | 39 |
2000/01 | 0,666 | 40 |
2001/02 | 0,166 | 48 |
2002/03 | - | - |
2003/04 | - | - |
2004/05 | 0,500 | 43 |
2005/06 | 1,333 | 33 |
2006/07 | 1,333 | 34 |
2007/08 | 0,666 | 42 |
2008/09 | 0,666 | 39 |
2019/10 | 1,500 | 34 |
2010/11 | 2,000 | 31 |
2011/12 | 1,375 | 37 |
2012/13 | 3,000 | 26 |
2013/14 | 2,500 | 29 |
2014/15 | 3,625 | 24 |
2015/16 | 4,375 | 23 |
2016/17 | 4,250 | 21 |
2017/18 | 4,375 | 21 |
2018/19 | 2,375 | 34 |
2019/20 | 3,375 | 26 |
2020/21 | 2,500 | 31 |
2021/22 | 4,375 | 24 |
2022/23 | 4,000 | 27 |
2023/24 | 5,875 | 17 |
2024/25 | 2,875 | 33 |
Vüqar Xeyrullayev
İdman.biz