AZ

İranda “erməni soyqırımı abidələri” nəyə xidmət edir?

Son 40 ildə molla rejiminin dəstəyi ilə ermənilərin maraqlarını təmin edən bir çox qurumlar yaradılıb

Yanvarın 14-də İran İslam Respublikası parlamentinin Ermənistanla dostluq qrupunun üzvləri, Ermənistan Milli Məclisinin bəzi deputatlarının müşayiəti ilə İrəvandakı uydurma “erməni soyqırımı” abidəsini ziyarət ediblər. Bu addım İranın molla rejiminin hər zaman olduğu kimi, müsəlman qonşuları Azərbaycanın əleyhinə olan erməni yalanlarını dəstəklədiyini bir daha göstərir. İranın bu davranışı regionda müsəlman həmrəyliyi prinsiplərinə zidd olmaqla yanaşı, Ermənistanın yalanlarına haqq qazandırmaq cəhdidir və antitürk mahiyyətlidir və onun geosiyasi ikiüzlülüyünün bariz nümunəsidir.

Qeyd edək ki, yerli əhali olan Azərbaycan türklərinin doğma ana dilində təhsil almasını, ana dilində danışmasını, öz mədəniyyətinə sahib durmaq istəyini yasaqlayan, 40 milyonun haqqını tanımayan mollakratiya öz ərazisində də erməni icmasına hər cür şərait yaradıb. Bu ölkədəki ermənilərə istədikləri yerdə mədəniyyət mərkəzləri, muzeylər açmağa, Türkiyə və Azərbaycan əleyhinə təbliğat aparmağa icazə verilir. Hətta bu gün İranda 8 qondarma erməni soyqırımı abidəsi var və bir qondarma erməni soyqırımı müzeyi fəaliyyət göstərir. Onlardan ikisi Tehranda, biri Rəştdə, biri Urmiyada, biri Əhvazda, biri Abadanda, biri Ərakda, digəri isə İsfahanda yerləşir. Məlumdur ki, Astara, Masal, Rəşt, Şəft, Rudbar, Rizvanşəhr, Fumən, Talış rayonlarının əhalisinin yarıdan çoxunu mənşəcə azərbaycanlılar təşkil edirlər. Bundan əlavə, vilayətdə gilək, talış, tatiyan, qaradağlı, semnani, galiş, kerinqani və digər xalqlar yaşayırlar. Vilayətdə erməni yaşamadığı halda, Rəşt şəhərində “erməni dalanı” adlı məkanda uydurma “erməni soyqırımı” memorial abidəsi ucaldılıb. İsfəhan, Tehran, Abadan və digər bölgələrdə də bu qondarma abidələrin ucaldılmasını görməzlikdən gələn “İran İslam Respublikası”nada belə iddia edilir: “Ermənilər əhli kitab sayılırlar və buna görə də öz arzularına uyğun abidələr ucaltmaqda sərbəstdirlər. Buna görə də dövlət onların işinə qarışmır”.

Əhali baxımından İranda ən böyük xristian azlığını təşkil edən ermənilər paytaxt Tehrandan sonra İsfahanda cəmləşiblər. Şəhərin “Yeni Culfa” rayonu erməni məhəlləsi kimi tanınır. İranın üçüncü böyük şəhəri və eyniadlı vilayətin inzibati mərkəzi olan İsfahanın Yeni Culfa rayonunda "Vəng Kilsəsi-Erməni Etnoqrafiya Muzeyi"ndən sonra 22 mart 2021-ci ildə "Erməni Musiqi Muzeyi" açılıb. Muzeyin sərgi salonların birində erməni bəstəkarlarının həyatını əks etdirən fotoşəkillər və bölmələrin olduğu iddia edilən saxta xəritədə Ermənistanın tarixi “torpaqları” göstərilib. Xəritədə Türkiyənin Şərqi Anadolu bölgəsi və Azərbaycanın qərb bölgəsindən bəzi vilayətlər, o cümlədən Naxçıvan Ermənistanın tarixi torpaqları kimi təqdim olunur. Digər tərəfdən, muzeydə tar və kamanca kimi Azərbaycan-türk musiqi alətləri təbii olaraq mənimsənilib. Digər tərəfdən, İsfahandakı Vəng erməni kilsəsi ibadət xidməti göstərməklə yanaşı, İranda Türkiyəyə qarşı aparılan siyasi və mədəni təbliğat fəaliyyətlərinin mərkəzlərindən biri kimi tanınır. Hər il aprelin 24-də kilsədə qondarma erməni soyqırımını anma mərasimi təşkil olunur. Kilsənin bağçasında 1975-ci ildə tikilmiş soyqırım abidəsi və kilsənin divarlarında nümayiş etdirilən Türkiyə əleyhinə plakatlar, tarixi faktlara zidd olan şəkillər və məqalələr erməni icması tərəfindən şəhərə gələn yerli və xarici turistlərə təqdim olunur. İsfahanda olan heykəlin İrandakı digər abidələrdən fərqi həmin kompleksdə abidə ilə yanaşı, eyni zamanda qondarma erməni soyqırımı muzeyinin də fəaliyyət göstərməsidir. Memar Yervand Sabunçuyanın maliyyə dəstəyi, “Yeni Culfa” erməni icmasının üzvlərinin abidənin tikintisinə könüllü kömək göstərməsi nəticəsində ərsəyə gələn abidənin üzərində erməni və fars dillərində “Türk hökuməti tərəfindən 1915-ci ildə Qərbi Ermənistanda qətlə yetirilən iki milyon erməni şəhidinin xatirəsinə” yazısı var. Tikintisi 1975-ci ildə başa çatdırılan abidə 1985-ci ildə yenidən dizayn edilib və əvvəllər mövcud olmuş fəvvarə "əbədi məşəl"lə əvəz olunub. Abidə “soyqırımdan” sonra həyatın yenilənməsini simvolizə edən qülləyə bənzər mərkəzi elementə malikdir. Qüllə qalan erməni mədəniyyətinin dirçəlişini bildirir. İsfahan Erməni Kilsəsinə (Vəng) məxsus olan muzeydə İran-erməni icması və İsfahan erməni yepiskopluğu tərəfindən illik anım mərasimləri keçirilir. İsfahan Mədəni İrs Təşkilatı və İsfahan Şəhidləri Vəqfi şəhərin bəzi küçə və məhəllələrinə erməni adlarının verilməsini təklif edib. 2022-ci ilin yanvar ayında Tehranın mərkəzindəki Behçətabad məhəlləsində yerləşən “Mirzayi Şirazi” küçəsinin adı dəyişdirilərək “Andranik Meqerdiçiyan” olub.

Tehrandakı Surp (Müqəddəs) Sərkis Kilsəsinin həyətində də heykəl qoyulub. Heykəl, üç xaçkarın və digər ikonoqrafik elementlərin cəmindən ibarətdir və turistlər üçün açıqdır. Abidə üzərində fars və erməni dillərində “Erməni xalqının saysız-hesabsız qurbanlarının xatirəsinə: 1915, 24 aprel soyqırımı” sözləri yazılıb. 1973-cü ildə tikilən abidənin qarşısında hər il aprelin 24-də İran-erməni icması və Tehran erməni patriarxlığı tərəfindən anım mərasimləri keçirilir. Tehrandakı ikinci abidə turistlərin ziyarəti üçün qapalı olan şəhərin Məcidiyyə rayonunda yerləşən Müqəddəs “Nurlandırıcı Qriqori” Erməni Apostol Kilsəsinin həyətində salınıb. Hraçiya Melikyanın həyat yoldaşı Qriqor Melikyanın xatirəsinə ucaldılmış abidənin postamentində farsca: “1915-ci il erməni şəhidlərinin xatirəsinə”, ermənicə isə “Bu abidə 1915-ci ildə milyon yarımdan çox erməni şəhidinin xatirəsinə ucaldılıb”. Mülk, Tehran erməni yeparxiyasının balansındadır. Rəşt şəhərində ucaldılan abidə isə qondarma erməni soyqırımının 100-cü ildönümünə həsr olunub. Abidə Rəştdəki Müqəddəs Mesrop Erməni Apostol Kilsəsinin ərazisində yerləşir. 2015-ci il martın 5-də açılışı olan heykəlin memarı Maksim Hovsepyandır. Dördüncü abidə Cənubi Azərbaycanın Urmiya şəhərində yerləşir. Postamentdə “1915-ci il erməni soyqırımı qurbanlarının xatirəsinə” yazısı olan abidə xaçkardan ibarətdir. Tikintisi 1970-ci illərdə başa çatdırılan “abidə” Erməni Apostol Kilsəsinin həyətindədir.

İranın Xuzistan əyalətinin Əhvaz şəhərindəki üzərində “1915-ci il Erməni Soyqırımı qurbanlarının xatirəsinə” yazısı olan qondarma erməni soyqırımına həsr olunan abidə ucaldılıb. 1970-ci illərdə yerli İran-erməni icmasının üzvləri və qurumlarının maliyyə dəstəyi ilə tikintisi başa çatdırılan bu “heykəl” turistlər üçün qapalıdır və mülkiyyət hüququ Erməni Apostol Kilsəsinə məxsusdur. İranın Xuzistan əyalətinin Abadan şəhərində Müqəddəs Karapet Erməni Apostol Kilsəsinin həyətində yerləşən abidə 1966-cı ildə yerli İran-erməni icmasının üzvləri və qurumlarının maliyyə dəstəyi ilə hazırlanıb. Abidə və kilsə İran-İraq müharibəsi zamanı zədələnib, lakin müharibə başa çatandan qısa bir müddət sonra təmir edilib. Abidə, divara bərkidilmiş, uşağını qucağında tutan tunc qadın siluetindən ibarətdir. İranın Mərkəz bölgəsinin Ərak şəhərindəki abidə 1970-ci illərdə yerli erməni icmasının və Ərak Erməni Apostol Kilsəsinin maliyyə dəstəyi ilə hazırlanıb. 1986-cı ildə kilsə yenidən bərpa edilib. Erməni dilində “1915-ci il soyqırımı qurbanlarının xatirəsinə” yazılmış kilsənin əmlakı 1980-ci illərə qədər Erməni Apostol Kilsəsinə məxsus olsa da, hazırda qeyri-erməni əsilli mülkiyyətçinin balansındadır.

Bir sözlə, son 40 ildə molla rejiminin dəstəyi ilə ermənilərin maraqlarını təmin edən bir çox qurumlar yaradılmışdır. “İran erməni iş adamları cəmiyyəti”, “Erməni kilsələri şurası”, “İran erməni gəncləri təşkilatı”, “Ararat-Erməni İdman Cəmiyyəti”, “Erməni abidələrinin mühafizəsi könüllülər birliyi”, “Erməni memarlığını öyrənmə fondu”, “İran erməni qadınları cəmiyyəti”, “Anaid cəmiyyəti”, “Armenui humanitar cəmiyyəti”, “Ani cəmiyyəti”, “Erməni qadınları humanitar icması”, “Erməni qadınlarının kilsə cəmiyyəti”, “Ararat təhsil mərkəzi”, “Ararat-erməni mədəniyyəti mərkəzi”, “Məryəm təhsil mərkəzi”, “İran erməniləri xalq sənətkarları birliyi”, “Erməni incəsənəti muzeyi”, “Erməni protestant kilsəsi icması”, “Erməni yevangel kilsəsi icması” və onlarca sayda digər təşkilatlar fəaliyyət göstərirlər. Bundan əlavə, “Alik” (gündəlik) və “Araks” (həftəlik) qəzetləri erməni dilində dərc olunur. İran cəmiyyətində ermənilər “milli azlıq” kimi qəbul edilsələr də, yaradılan şərait nəticəsində ictimai baxımdan ən çox fəallıq da məhz onlardır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
27
ikisahil.az

1Mənbələr