2024-cü ilin 11 ayında Azərbaycana 82 926 avtomobil idxal edilib. İdxal edilən avtomobillərin ümumi dəyəri bir milyard 637 milyon 213 min manatdan artıq olub. Nəzərə alaq ki, 2023-cü ilin eyni dövründə ölkəmizə 88 min 738 avtomobil idxal edilib ki, onların da ümumi dəyəri bir milyard 522 milyon 373 min manat olub.
Göründüyü kimi ötən il avtomobil idxalı azalsa da, qiymətlərdə artım qeydə alınıb. Bu da onunla bağlıdır ki, ötən il idxal edilən avtomobillərin xeyli hissəsi yeni olub. Bu da qiymətlərə öz təsirini göstərib.
Bəs, 2025-ci ildə hansı avtomobillər daha populyar olacaq?
Suala nəqliyyat üzrə ekspert Aslan Əsəd aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, cari ildə MDB-də istehsal olunan avtomobillərə tələbat yenə də yüksək olacaq:
MÖVZU İLƏ BAĞLI:
Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir
“Çünki bu avtomobillər qiymətinə görə əhalinin çox böyük hissəsi üçün əlçatandır. Bundan əlavə, xüsusən də Rusiyada istehsal olunan avtomobillərin ehtiyat hissələri digər avtomobillərin ehtiyat hissələri ilə müqayisədə daha ucuzdur. Üstəlik, ən ucqar yaşayış məntəqələrində belə bu avtomobillərə servis göstərilə bilir. Ona görə də ikinci əl Rusiya istehsalı olan avtomobillər bazarda dominantlıq edəcək.
İkinci əl “Mersedes-Benz” avtomobilləri də dəbdə olacaq. Dözümlülüyü, ehtiyat hissələrinin nisbətən ucuz olması və ən əsası da servisin əlçatanlığı bu alman avtomobillərinə olan alıcı marağını azaltmayacaq.
Yeni avtomobillərə gəlincə...
Bu il hibrid, bir az da elektromobillərə maraq çox olacaq. Xüsusən də, Çin istehsalı olan hibrid və elektromobillərə maraqlı olan avtomobil həvəskarlarının sayı artacaq. Nəzərə alaq ki, hibrid və elektromobillərin ƏDV-dən azad olması bu avtomobillərə marağı daha da artırır. Bu gün 25-30 min manata Çin istehsalı olan yeni hibrid və elektromobil əldə etmək olur. Hansı ki, həmin avtomobilləri ən azı 4-5 il əlavə xərc çəkmədən istismar etmək olur.
Amma nəzərə alaq ki, yeni Çin avtomobillərinin servisi və keyfiyyəti barədə fikirlər yekdil deyil. Bununla belə qiymətlərin Avropa brendləri ilə müqayisədə 2-3 dəfə ucuz olması alıcıları daha çox cəlb edir”.
Surxay Atakişiyev, Bizim.Media