AZ

Xocalı – yurd sevgisindən od alan ocaqlar

Hər yeni köç karvanı yenidən qurulan, gündən-günə abadlaşan, gözəlləşən Xocalının heç vaxt unudulmayacaq dərdlərinə məlhəm olur, övladları geri döndükcə bu qədim türk yurdunun yaraları sağalır. Sözsüz, Xocalı indi tarixinin ən xoşbəxt günlərini yaşamaqdadır. 

Möhtəşəm qələbələrimizin memarı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yanvarın 15-də şəhər növbəti dəfə sevinclə, sevgiylə öz doğma sakinlərinə qucaq açdı. 2025-ci ildə ilk dəfə olaraq “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı şəhərinə 25 nəfərdən ibarət 6, rayonun Ballıca  kəndinə isə 102 nəfərdən ibarət 20 ailənin növbəti köçü baş tutdu. Beləliklə də, daha 127 xocalılının həsrəti sona çatdı, bu gündən sonra Xocalıda daha 26 evdə hər zaman gur işıqlar yanacaq. 

Ağdamdan yola salınan keçmiş məcburi köçkünləri Xocalıda və Ballıcada Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, daha əvvəl məskunlaşmış sakinlər böyük coşqu ilə qarşıladılar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə keçirilən mərasimdə onlara yeni mənzillərinin açarları təqdim edildi. 

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirdi ki, Xocalı şəhəri bu gün artıq ümidlərin, arzuların məkanıdır: “Otuz iki ildən artıqdır işığı sönmüş evlərdə çıraqlar yanır, gülüş səsləri eşidilir. Bugünədək Xocalı şəhərində 46 ailənin daimi məskunlaşması təmin edilib. Ötən ildən etibarən Xocalının Ballıca kəndinə də köç başlayıb və bununla üçüncü dəfədir ki, bu kənddə köç həyata kecirilir. İndiyədək Ballıcaya ümumilikdə 68, Xocalı şəhərinə isə 52 ailə köçürülüb”. 

T.Kərimli qeyd etdi ki, Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına köç prosesi 2025-ci ildə də mərhələli şəkildə davam edirilicək.

Daha sonra məcburi köçkünlük həyatı rəsmi olaraq sona çatan xocalılılar yeni evlərində yerləşməyə başladılar. Biz də “Xalq Qəzeti” olaraq köç həyəcanları davam edən sakinlərin sevinclərinə şərik olduq, onların bir neçəsinin xoş təəssüratlarını öyrəndik. Yeganə Kərimova:

–Uzun illərdir Şəki şəhərində məskunlaşmışdıq. Vətən həsrəti ilə dolu o ağır günlərimizdə hər zaman dövlətimizin qayğısını hiss etmişik və inanmışıq ki, nə vaxtsa mütləq öz doğma yurdlarımıza qayıdacağıq. 33 ilə yaxındır bu anları gözləyirdik. Allaha şükürlər olsun, bu gün bizim arzularımızın reallığa çevrildiyi gündür! Ballıça kəndində evlə təmin olunmuşuq, indi gedirik yeni evimizə yerləşməyə. Bizimlə birgə köçən hər kəsə gözaydınlığı verirəm. Allah belə bir günü yaşamağı bütün arzulayanlara qismət eləsin!

Firuz Quliyev:

– Mən özüm birinci Qarabağ müharibəsi veteranıyam. O vaxt Azərbaycana “rəhbərlik etmiş” üzdəniraqların satqınlıqları ucbatından  bizim çəkdiyimiz əziyyətlər yerdə qalmışdı. Bu mənada müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində həm şəhidlərimizin qanlarını, həm də bizim qisasımızı aldı. Fəxr edirəm ki, torpaqlarımızın işğaldan azad edilməsində iki oğlum ləyaqətlə iştirak edib və bu gün onlarla birgə doğma Qarabağımıza qayıtdım. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Heç zaman unutmayacağımız bu gözəl günlər üçün dövlətimizə, möhtərəm cənab Prezidentimizə minnətdaram! Bu xoşbəxtliyi bizə qismət edən Allaha şükürlər olsun!

Biz də xoş arzulara qoşuluruq.  

Mahir Rəsuloğlu,  
XQ-nin Qarabağ müxbiri

Xocalı

 

Seçilən
18
xalqqazeti.az

1Mənbələr