AZ

Məktəblərdə mobil telefon istifadəsi QADAĞAN EDİLMLƏLİDİR?- Ekspertlər NƏ DÜŞÜNÜR?

Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdinin dərs zamanı mobil telefondan istifadə edərək sosial şəbəkədə canlı yayım açması ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bakıvaxtı.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məsələni hüquq-mühafizə orqanlarının araşdırdığını diqqətə çatdırıb.

Hadisə ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmri ilə komissiya yaradılıb, məktəbin direktoruna təhsil müəssisəsində sağlam tədris mühitinin təmin olunması üçün pedaqoji heyətlə və şagirdlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Təhsil müəssisəsində sosial-psixoloji mühiti təkmilləşdirmək məqsədi ilə peşəkar psixoloqlarla birlikdə təhsilalanların iştirakı ilə davamlı görüşlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, şagirdin valideyni ilə təhsil müəssisəsində görüş keçirilib, maarifləndirici söhbət zamanı belə halların yolverilməz olduğu diqqətə çatdırılıb.

Baş verən bu hadisə orta məktəblərdə şagirdlərə mobil telefondan istifadənin qadağan olunması məsələsini yenidən aktuallaşdırdı.

Kamran Əsədov: Bu, fövqəladə hallar zamanı müəyyən problemlər yarada bilər

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda ümumi təhsil müəssisələrində şagirdlərin dərs vaxtı telefon və digər ağıllı cihazlardan istifadəsinin qadağan edilməsi qərarı təhsil sistemində müəyyən müsbət təsirlər yarada biləcək addım kimi qiymətləndirilsə də, qərarın uzunmüddətli təsirləri və onun effektivliyi ilə bağlı ciddi şübhələrim var. Düzdür, bu qadağanın əsas məqsədi tədris prosesində intizamı təmin etmək, şagirdlərin diqqətini dərs materialına yönəltmək və təhsil keyfiyyətini artırmaqdır. Lakin qərarın həm qanunvericilik çərçivəsində təhlili, həm də dünya təcrübələri ilə müqayisəsi müəyyən suallar doğurur:

"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, təhsil sistemi şagirdlərin hərtərəfli inkişafını təmin etməyi, onların intellektual, emosional və fiziki inkişafını tarazlaşdırmağı qarşısına məqsəd qoyur. Şagirdlərin dərs zamanı telefonlardan istifadəsinə qoyulan qadağa intizamı artırmaq məqsədi daşısa da, bu yanaşmanın texnologiyanın təhsildəki rolu və rəqəmsal savadlılığın artırılması baxımından nə dərəcədə uyğun olduğu məsələsi açıq qalır. Qadağa müəyyən mənada tədris prosesində diqqəti yayındırıcı amilləri azaltmağa xidmət etsə də, texnologiyanın təhsil mühitinə inteqrasiyasını məhdudlaşdırdığı üçün şagirdlərin gələcək rəqəmsal dünyada rəqabətqabiliyyətliliyinə mənfi təsir göstərə bilər".

Ekspertə görə, beynəlxalq təcrübələr göstərir ki, telefonlardan istifadənin məhdudlaşdırılması ilə bağlı qəbul edilən qərarlar müxtəlif ölkələrdə fərqli yanaşmalarla icra olunur. Məsələn, İngiltərədə məktəblərdə telefon qadağası tətbiq edildikdən sonra, 2018-ci ildə aparılan tədqiqat nəticələrinə görə, şagirdlərin akademik göstəricilərində 6-8% artım qeydə alınıb. Bu nəticələr xüsusilə zəif nəticələr göstərən şagirdlər arasında daha nəzərəçarpan olub. Bu yanaşma şagirdlərin dərs zamanı diqqətini dərs materialına yönəltmək üçün effektiv üsul kimi qiymətləndirilib. Lakin digər tərəfdən, Sinqapur və Finlandiya kimi ölkələrdə texnologiyanın tədris prosesində aktiv istifadəsi təşviq olunur. Bu ölkələrdə ağıllı cihazlar dərs zamanı yalnız yayındırıcı vasitə kimi deyil, həm də tədris resurslarına asan giriş imkanı və interaktiv öyrənmə platforması kimi istifadə edilir:

"Məsələn, Finlandiyada ağıllı cihazlar dərs prosesində qrup işləri, virtual laboratoriyalar və dərs materiallarının müzakirəsi üçün geniş istifadə olunur. Bu yanaşma tədrisin interaktivliyini artırmaqla yanaşı, şagirdlər arasında texnoloji bacarıqların inkişafına da töhfə verir. Sinqapurda isə hökumət texnologiyanın tədris prosesinə inteqrasiyasını dövlət səviyyəsində dəstəkləyir. Şagirdlərə rəqəmsal savadlılıq dərsləri keçirilir və texnologiyanın tədris prosesinə uyğunlaşdırılması üçün xüsusi proqramlar hazırlanır. Bu yanaşmalar texnologiyanın təhsildə yayındırıcı təsirlərini minimuma endirməklə yanaşı, onun potensial faydalarını maksimum dərəcədə istifadə etməyə imkan yaradır".

K.Əsədovun sözlərinə görə, Azərbaycanda məktəblərdə telefon qadağasının tətbiqində əsas narahatlıqlardan biri, bu cür tədbirlərin şagirdlərin rəqəmsal bacarıqlarına necə təsir edəcəyidir. Rəqəmsal texnologiyalar artıq müasir dünyanın ayrılmaz hissəsidir və şagirdlərin gələcəkdə texnologiyadan düzgün istifadə etməsi onların karyera imkanları və şəxsi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Qadağa tətbiq etməklə yanaşı, şagirdlərə texnologiyadan səmərəli istifadə qaydalarını öyrətmək vacibdir. Bu məqsədlə, məktəblərdə texnologiyanın istifadəsinə dair təlimatlar hazırlanmalı və müəllimlər bu sahədə xüsusi təlimlərdən keçməlidir.

"Tədris prosesində texnologiyanın düzgün istifadəsi həm də şagirdlərin öyrənmə bacarıqlarını artırmaq üçün effektiv vasitədir. Məsələn, dərslərdə rəqəmsal resurslardan istifadə etmək, müxtəlif mövzularla bağlı məlumat axtarışı üçün texnologiyadan yararlanmaq şagirdlərdə analitik düşünmə və məlumat emalı bacarıqlarını inkişaf etdirə bilər. Bu yanaşma yalnız təhsil keyfiyyətini artırmaqla qalmayacaq, həm də gənclərin müasir iş mühitində tələb olunan rəqəmsal bacarıqları mənimsəməsinə kömək edəcək",- deyə qeyd edib.

Ekspert onu da bildirib ki, digər tərəfdən, telefonların tamamilə qadağan edilməsi fövqəladə hallar zamanı müəyyən problemlər yarada bilər. Şagirdlərin valideynləri ilə dərhal əlaqə qurmaq ehtiyacı olan vəziyyətlərdə bu cür qadağa əlavə narahatlıqlara səbəb ola bilər. Bu baxımdan, qadağa tətbiq edilərkən xüsusi hallar üçün alternativ mexanizmlərin nəzərdə tutulması vacibdir. Məsələn, məktəblərdə xüsusi telefon məntəqələrinin yaradılması və ya təcili zənglər üçün cihazlardan məhdud şəkildə istifadə qaydalarının tətbiqi daha balanslı yanaşma kimi çıxış edə bilər:

"Beləliklə, Azərbaycanda tətbiq edilən telefon qadağası təhsil sistemində müəyyən intizam yaratmaq baxımından müsbət addım olsa da, onun uzunmüddətli təsirləri və effektivliyi ilə bağlı müəyyən qeyri-müəyyənliklər mövcuddur. Qadağanın yalnız məhdudlaşdırıcı tədbirlər kimi deyil, həm də texnologiyanın tədris prosesinə düzgün inteqrasiyası ilə müşayiət olunması daha məqsədəuyğun ola bilər. Şagirdlərə texnologiyadan səmərəli və təhlükəsiz şəkildə istifadə qaydalarını öyrətmək, eyni zamanda onların akademik göstəricilərini artırmaq və rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün vacib addım olacaqdır. Bu yanaşma, həmçinin Azərbaycan təhsil sisteminin beynəlxalq təcrübələrlə uyğunlaşmasına və müasir tədris tələblərinə cavab verməsinə imkan yaradacaq".


Elmin Nuri: Məktəblərdə mobil telefonların qadağası çox vacibdir

Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri də münasibətini öz sosial şəbəkəsində paylaşım edib.

Bakıvaxtı.az-ın məlumatına görə. Paylaşımda qeyd olunur ki, mobil telefonlar xüsusi hallar istisna olmaqla, hazırda bütün məktəblərdə deyil, "Şagird davranış qaydaları"nın tətbiq olunduğu 300 məktəbə aiddir.

E.Niri bildirib ki, amma məsələnin başqa tərəflər də var:

“Hazırda "Şagird davranış qaydaları"nın əhatə etdiyi məktəblərin sayı artırılır və ümid edirik ki, qarşıdakı dönəmlərdə bu, bütün məktəblərə şamil olunacaq”

“Bu gün məktəblərdə mobil telefonların qadağası çox vacibdir” deyən ekspert son bir neçə ildə ondan çox ölkənin analoji addım atdığını vurğulayıb:

“İnanırıq ki, qarşıdakı illərdə həm "Şagird davranış qaydaları", həm də mobil telefon qadağası bütün məktəblərdə tətbiq olunar”.

Nuriyyə Musayeva

Seçilən
17
1
bakivaxti.az

2Mənbələr