AZ

Xoşbəxt sonluq və gözlənilən ayrılıq üçün son söz

Juninyonun “Qarabağ”dan ayrılıb özünə başqa iş yeri tapması ilə bağlı dastan bitdi. Artıq bütün tərəflər – yəni həm braziliyalı futbolçu, həm onun keçidində vasitəçilik edən agentlər, həm də “Qarabağ”, “Flamenqo” və “Sevilya” rahat nəfəs ala bilər.

“Sevilya”nın uzun müddət dominantlıq etdiyi transfer söhbətlərinin son bir həftəsində “Flamenqo” araya girdi və Juninyoya dəfələrlə artıq maaş söz verməklə onun qəlbini ovladı. Zatən braziliyalı futbolçuların ipinin üzərinə odun yığmaq olmaz, onlar əhval-ruhiyyə adamıdı, bəzi hallarda pula, sadəcə, səcdə edirlər. Odu ki, Juninyonun az qala sinov getdiyi “Sevilya”nı qəfil “Flamenqo”ya dəyişməsində faciə elementləri axtarmadan başqa məqamlara toxunmaq istəyirəm.
Bu ayrılıq yetişmişdi. Artıq sirr deyil ki. 2023/24 mövsümündə ölkədaxili və beynəlxalq oyunlarda fırtına kimi əsən Juninyodan ilin ikinci yarısında əsər-əlamət qalmamışdı.

Başgicəlləndirici transfer təkliflərinə, “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşə bilməməsinə, ya başqa nəyə görə olduğunu bilmirəm - o, sanki daim yuxulu idi, meydanda yerini tapmaqda çətinlik çəkirdi, nəticəni arxa plana atmışdı, çabalayırdı-çabalayırdı, ancaq heç cür suyun üzünə çıxa bilmirdi. Belə mənəvi-psixoloji aqoniya yaşayan şəxsin burda qaldığı artıq hər gün özünə və “Qarabağ”a ziyan vuracaqdı. Bunu yaxşı anlayan, Juninyodan həm maliyyə, həm də oyun planında istədiyini alan “Qarabağ” rəhbərliyinin onu buraxmaqdan başqa çarəsi qalmamışdı. Qurban Qurbanov da dəfələrlə braziliyalısız oyun modelini sınamışdı, yəni qəlbinin dərinliyində bu keçidə hazır idi.

Sadəcə, bir önəmli məqam var: “Qarabağ” Juninyonun “Sevilya”nı yox, “Flamenqo”nu seçməsindən maliyyə baxımından daha artıq qazandı. Detallar aydındı: İspaniya klubu ağdamlılara müxtəlif bonuslar qarışıq 5 milyon avro ödəyəcəkdisə, “Flamenqo” eyni məbləği bəribaşdan verir, başqa kluba satışdan 20 faiz, turnir nəticələrinə görə də əlavə bonuslar vəd edir. Amma “Qarabağ”ın uduzduğu yön bu keçiddən götürə biləcəyi reklam-təbliğat dividendidi. “Slaviya” ilə “Flamenqo”nu, La Liqa ilə Braziliya A seriyasını tərəzinin eyni gözünə qoymaq olmaz. “Qarabağ” hər nə qədər ilk variantın tərəfdarı olsa da, daha çox pul qazanmaq istəyən futbolçunun istəyi ön plana çıxdı və qəhrəmanımız Rio de Janeyroya yollandı.

Əlbəttə, gedəni saxlamazlar! Bu qayda təkcə futbolda yox, həyatın bütün sahələrində keçərlidi. Juninyo getməliydi və getdi. Geriyə xoş təəssürat buraxdı, bizim üçün bundan sonra da Azərbaycana gəlib-gedəcək mərkəz hücumçuları ilə müqayisə baxımından material verdi. Həm özü qazandı, həm də “Qarabağ”a qazandırdı. “Flamenqo”nun məhz onun vasitəsi ilə hədəflərinə çatıb-çatmayacağı başqa söhbətdi. Amma bütün bu proseslərdən ən böyük uduşla çıxan tərəfin məhz “Qarabağ” olduğu heç kimdə şübhə doğurmur. Ağdam klubu son üç ildə ikinci dəfə Portuqaliya liqasından gətirdiyi, gələnə qədər çoxlarının tanımadığı futbolçunu 5 milyona satdı.

Deməli, seleksiya yaxşı işləyəndə keçidlərdən də pul qazanmaq olar. Əsasən sponsorların hesabına yaşayan Azərbaycan klubları üçün bu, əlavə qidalanma mənbəyidi. Odu ki, həyat davam edir. Yeni juninyolar tapmaq, onlarla hədəfə çatmaq, sonra da satmaq lazımdı!

HUŞƏNG

Seçilən
25
20
football-plus.az

10Mənbələr