AZ

Tramp Baydenə cinayət işi açdıra bilər- “ABŞ-ın nüfuzu və maraqları sarsılıb”...

Image

Elşad Həsənov: “Bu mənada qarşıda gərgin dövr durur”

Məlum olduğu kimi, ABŞ-ın yeni prezidenti Donald Tramp 47-ci dövlət başçısı kimi rəsmi olaraq prezident səlahiyyətlərini icra etməyə başlayıb. Trampın Kapitolidə andiçmə mərasimi keçirilib. Mərasimdə ABŞ-ın yaşayan sabiq prezidentləri də iştirak ediblər. 

“Mən təntənəli surətdə and içirəm ki, ABŞ Prezidenti vəzifəsini sədaqətlə icra edəcəyəm və Birləşmiş Ştatların Konstitusiyasını qorumaq və müdafiə etmək üçün əlimdən gələni edəcəyəm”, - Tramp andiçmə mərasimi zamanı deyib.

Bütün bunlarla yanaşı, Tramp andiçmə mərasimində arxasında oturan artıq keçmiş prezident Cozef Baydenin adını çəkmədən onun qərarlarını sərt tənqid edib. Bundan əvvəl də Tramp Baydenin ünvanına sərt tənqidi fikirlər səsləndirib. Qeyd edib ki, Baydenin prezidentliyi dövründə Birləşmiş Ştatların nüfuzu və maraqları sarsılıb. 

Bütün bu deyilənlərin fonunda maraqlıdır, Tramp Baydenə ABŞ-ın mənafelərini yerə vurduğunu görə, hakimiyyətdən sui-istifadə istifadəyə və s. məsələlərə görə cinayət işi açdıra bilərmi?

“Tramp çalışacaq ki, Baydenə və siyasi rəqiblərinə qarşı mümkün cinayət işlərini qaldırsın”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, prinsipcə, bu mümkündür: “Birləşmiş Ştatlarda hər şey ola bilər. Sabiq prezident Baydenə Tramp cinayət işi aça bilər. Biz onu da nəzərə almalıyıq ki, Bayden dönəmində Trampa qarşı açılan cinayət işi hələ bağlanmayıb. Baxmayaraq ki, Trampın dövrü başladığı üçün həmin iş dayandırılacaq. ABŞ qanunları elədir ki, kim cinayət törədibsə, cəzadan kənarda qala bilməz. O mənada Tramp çalışacaq ki, Baydenə və siyasi rəqiblərinə qarşı mümkün cinayət işlərini qaldırsın. Ancaq buna müvəffəq ola biləcəkmi? Bunu demək çətindir. Çünki Birləşmiş Ştatlarda məhkəmələr müstəqildir. O baxımdan belə hallarda hüququn aliliyi təmin edilməlidir. İttiham edilən tərəfin vəkilləri istəyəcək ki, o cinayət sübut olunsun. Bunun üçün də illər lazımdır. O zaman buna Baydenin ömrü çatacaqmı? Bax, məsələnin həm də bu tərəfi var. Bu mənada qarşıda gərgin dövr durur. Tramp ilk anlardan bəyan etdi ki, 100-ə yaxın qərar qəbul edəcək və 2021-ci ilin yanvarında Kapitoliyə hücum edənləri həbsdən azad edəcək. Halbuki, onlar cinayət törədiblər. Çünki həmin hadisələrə görə onlar azadlıqdan məhrum ediliblər. Bu nöqteyi-nəzərdən Tramp öz səlahiyyətlərindən onların xeyrinə istifadə edəcək. Ancaq istənilən halda, bu o demək deyil ki, Trampın atdığı istənilən addım qanunidir və yaxud da onun alternativi yoxdur. Bu belə deyil. Çünki Trampın birinci prezidentliyi dövründə də atdığı bəzi qeyri-adekvat addımların şahidi olmuşuq. Bu baxımdan bənzər hallar bu dəfə də təkrarlana bilər. Fikrimcə, qarşıdakı dövrdə biz onun hansı addımlar atacağını görəcəyik”.

Vidadi ORDAHALLI





Seçilən
20
50
baki-xeber.com

10Mənbələr