AZ

“Rodrinin mükafatı qazanması məndə çox xoş hisslər oyatdı” - Vilya Yamalı dünya ulduzu sayır

Futbolçu karyerasını 2020-ci ildə başa vuran David Vilya jurnalistlərin müasir futbolun ən parlaq oyunçuları ilə bağlı suallarını cavablayıb.

"Football-plus.az" xəbər verir ki, İspaniya yığması ilə dünya və Avropa çempionu olan 43 yaşlı sabiq hücumçu Lamin Yamal, Rodri və Kilian Mbappe haqda fikirlərini bölüşüb. O, vaxtilə formasını daşıdığı “Barselona” və “Atletiko” ilə bağlı arzusunu da dilə gətirib.

- Lamin Yamal haqda nə deyə bilərsiz?
- O, inanılmaz oğlandı. Futbolu anladığı kimi oynayır... Doğrudu, Lamini şəxsən tanımıram, amma onunla bir neçə dəfə görüşmüşəm. Məndə sakit, oyuna köklənən futbolçu təsiri bağışlayıb. Biz artıq bir neçə aydı davam edən futbol alovu haqda danışmırıq. O, indiki yaşında çox sayda səhvə yol verə bilərdi, lakin bunun əksini görürük. Meydanda çox yaxşı görünür və hər dəfə onun oyununa baxarkən əvvəlki ilə müqayisədə daha yaxşı oynadığını görürsüz. Üstəlik çempion olmağın hansı anlama gəldiyini bilir.

- Onu Messi ilə müqayisə edərdiniz?
- Heç vaxt. Fikrimcə, indiki vaxtda istənilən oyunçunun Messi ilə müqayisə olunması qıcıq doğurur. Lamin Yamal artıq dünya səviyyəli ulduzdu. Son iki ildə vacib nəticələrə nail olub. Mən onun oyununa heyranam. Əlbəttə, azarkeşlərin onun oyunu ilə fəxr etməyə haqqı var. Amma mən onu Messi ilə müqayisə etməyi lazım bilmirəm. Lamini parlaq karyera gözləyir.

- Rodri “Qızıl top”a layiq idi?
- Əlbəttə, niyə də olmasın?! Amma ikiüzlülük etmək fikrində deyiləm: mən bu mükafata heç vaxt inanmamışam. Mükafat mənə subyektiv rəylərin nəticəsi kimi görünür, jurnalistlərin onun sahibini hansı meyarlara əsasən seçdiyini qətiyyən anlamıram. Hərçənd mükafatı mənə versəydilər, onu qəbul edər və təltifat mərasiminin həyatımın ən yaxşı anı olduğunu deyərdim. Futbolu komanda idman növü hesab edirəm. Əlbəttə, statistika mövcuddu. Lakin, məsələn, mən “Qızıl buts” mükafatının nəyə görə verildiyini dəqiq bilirəm. Bu mənada heç bir səhv ola bilməz, hamıdan çox qol vurmusansa, mükafat sənindi.

- Ötən il “Qızıl top”u ispaniyalı futbolçu qazandı...
- Bu, şübhəsiz ki, məni çox sevindirir. Rodrinin mükafatı qazanması məndə çox xoş hisslər oyatdı. Ona görə ki, İspaniya futbolunun buna çoxdan layiq olduğunu düşünürdüm. Vinisius, Bellingem... hə, onlar da layiq idilər, amma namizədlər arasında əsas iddiaçılarla birgə çempion olan Karvaxal da vardı. Ancaq səsvermənin hansı meyarlar əsasında keçirildiyini dəqiq anlamadığım üçün buna böyük əhəmiyyət vermirəm.

- Bəs Kilian Mbappenin yeni klubundakı çıxışı haqda nə deyərdiz?
- Fikrimcə, o, hələ də zəruri sayılan uyğunlaşma prosesindən keçir. Komandasını, çıxış etdiyi liqanı, yaşadığı ölkəni dəyişib. Mbappe hücumçu mövqeyində oynasa da, mən onu özüm kimi tipik hücumçu adlandırmazdım. Kilian mənimlə müqayisədə daha çox keyfiyyətlərə malikdi. Amma bilirsiz, səndən hər oyunda 4 qol vurmağın tələb olunması heç də asan vəziyyət deyil. Mbappe arabir səhvə yol verir? Kim səhvsiz oynayır ki? Buna baxmayaraq, artıq yeni komandasında qolla bağlı yaxşı statistika formalaşdırıb. Mən, ola bilsin ki, “Real” haqda böyük sevgi ilə danışmaq üçün ən uyğun adam deyiləm. Amma Mbappe kimi futbolçuya malik olmaq klubu və La Liqa üçün böyük uğurdu.

- Çempionlar Liqasının əsas favoriti hansı komandadı?
- İstəyərdim ki, bu mövsümün qalibi “Atletiko” və ya “Barselona” olsun. Amma bu, çətin turnirdi və burda çoxlu həlledici məqamlar olur. Hazırda “Liverpul” çox güclüdü.

Seçilən
16
50
football-plus.az

10Mənbələr