Bakı, 23 yanvar, AZƏRTAC
Bələdiyyə seçkiləri Azərbaycan ictimaiyyətində xüsusi maraq doğurur. 685 bələdiyyəyə 8071 üzv seçilməlidir. Adları bülletenlərə salınan namizədlərin sayı isə bundan iki dəfədən çox - 16 mindən artıqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyanın 23-ü bələdiyyə seçkilərində öz namizədləri ilə fəal iştirak edir.
M.Pənahov vurğulayıb ki, 9 qeyri-hökumət təşkilatının təmsilçiləri həm namizəd, həm də müşahidəçi kimi qeydə alınıblar.