''Football-plus.az'' xəbər verir ki, Ər-Riyad təmsilçisi Səudiyyə Ərəbistanı çempionatının 16-cı turunda iddialı ''Əl-İttihad''ın qonağı olub. Loran Blanın çalışdırdığı və heyətində Benzema, Kante, Fabinyo, Berqveyn kimi ulduzların yer aldığı ''Əl-İttihad'' bu mövsüm ''Əl-Hilal'' ilə birlikdə çempionluğa əsas namizəd sayılır.
Elə turnir cədvəlinə də bu iki komanda başçılıq edir. Yəni Terimin komandası bu qarşılaşmada aşkar autsayder hesab olunurdu. ''Əl-Şabab'' pis təsir bağışlamasa da, güclü rəqibini büdrədə bilmədi. Meydan sahibləri Əbdürrəhman Əl-Obud və Benzemanın qolları iləiki topluq üstünlük yaxaladılar. Qonaqların heyətində Arune Kamara fasilə ərəfəsində qollardan birinin əvəzini çıxdı. Amma komandanın bundan artığına gücü çatmadı. Terimin başçılığı altında çempionatda keçirdiyi 3-cü oyunda 2-ci məğlubiyyətlə üzləşən ''Əl-Şabab'' 16-cı turu 25 xalla 6-cı pillədə tamamladı.
Komanda növbəti tur öz meydanında ''Əl-Fayha'' ilə qarşılaşacaq. Oyunsonrası mətbuat konfransına Bolunun xizək mərkəzindəki oteldə baş verən yanğında dünyasını dəyişənlərə Allahdan rəhmət diləməklə başlayan ünlü mütəxəssis oyunla bağlı isə bunları dedi:
''Əl-İttihad''a qarşı səfərdə oynamaq asan deyil. Rəqibi təbrik edirəm. Qol vurduğumuz ana qədər heç də yaxşı oynamırdıq. Qolu vurduqdan sonra daha cəsur oynamağa başladıq. Biz baxımlı oynayan komandaya çevrilmək istəyirik. Qalib gəlsək də, məğlub olsaq da öz oyun prinsiplərimizdən vaz keçməməliyik. Bəzi əsas oyuncularımız yox idi. İştirak ərizəsinə bir neçə gənc oyunçu salmalı olduq. Amma belə şeylər bizim üçün bəhanə olmamalıdı. Bu gün şans verdiyim oyunçular əllərindən gələni etdilər. Apreldə kubok çərçivəsində yenidən bu stadiona səfərə gələcəyik. Ümid edirəm ki, həmin vaxt heyətimiz və seçim imkanlarımız daha geniş olacaq. Vaxt ötdükcə oyunumuzu gücləndirəcəyimizi düşünürəm''.
ƏLİ