Ceyhun Məmmədov: “Onların cinayətkar olması ilə bağlı çoxlu sayda faktlar və dəlillər var”
Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəməsi başlayıb.
Bildiyimiz kimi, ittiham olunanlar və zərərçəkmişlər ifadələr verir, fikirlər səsləndirirlər.
Yanvarın 17-də keçirilən ilk məhkəmədə Araik Harutyunyanın bəyanat verməsi və Gəncənin vurulma əmrinin onun tərəfindən verilmədiyini, özünün sadəcə bəyanat verdiyini qeyd etməsi bir sıra şübhəli məqamların olduğunu təsdiqlədi.
Məhkəmənin gedişində ittiham edilənlər tərəfindən çox adlar çəkilə və faciələrin birbaşa günahkarlarının adları bəyan edilə bilər. Onlar, ən azından, göstəriş və əmrləri kimlərdən aldıqlarını etiraf edə bilərlər ki, cəzalarını bununla yüngülləşdirsinlər. Biz yaxşı bilirik ki, Ermənistanın keçmiş hərbi-siyasi rəhbərliyi də, indiki rəhbərliyi də onların bu cinayətlərinə açıq dəstək verib.
Məhkəmənin gedişində Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyanın, Robert Köçəryanın və başqalarının adları çəkilərsə, onların cinayətləri açıqlanarsa, bu işlərdə birbaşa iştirakları vurğulanarsa
Azərbaycan Ermənistandan onları tələb edə bilərmi? Hansı şəkildə tələb edə bilər? Onlar məhkəməyə necə gətirilə bilər?
“Müvafiq prosedurlar həyata keçirildikdən sonra onların da qanun qarşısında cavab verməsi öz həllini tapacaq”
Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əslində, adları çəkilən bu şəxslərin cinayətləri sübut olunub. “Hətta Azərbaycan onlarla bağlı müvafiq prosedurları, tədbiri həyata keçirir, addımları atır. Yəni o insanların konkret olaraq cinayətləri sübut olunub. Onların cinayətkar olması ilə bağlı çoxlu sayda faktlar və dəlillər var. Çox böyük ehtimalla, məhkəmədə bir daha həmin insanların adları çəkiləcək və onların cinayətləri barədə müəyyən fikirlər bildiriləcək və məlumatlar veriləcək. Heç şübhəsiz, onların adları çəkiləcək. Prosedur nədir? Məsələ ondadır ki, beynəlxalq hüquq, beynəlxalq prosedurlar işləməlidir. Bizim şübhəmiz yoxdur ki, adları çəkilən bu insanlar gec-tez ədalət qarşısında cavab verməli olacaqlar. Onların cinayəti sübut olunacaq və onlarla bağlı bir sıra tədbirlər həyata keçiriləcək. Yəni ona görə də düşünürəm ki, biz bu məsələdə haqlı olduğumuzu bilirik. Heç şübhəsiz, Araik də, digərləri də bəzi cinayətləri törətmək barədə onlara tapşırığın kimlər tərəfindən verildiyini bildirəcək, açıqlayacaqlar. Tam məlum olacaq, tam bilinəcək ki, burda günahkarlar kimlərdir. Hesab edirəm ki, o gün o qədər də uzaqda deyil. Müvafiq prosedurlar həyata keçirildikdən sonra onların da qanun qarşısında cavab verməsi öz həllini tapacaq. Azərbaycan bu istiqamətdə işləri davam etdirir, bu cinayətkarların tutulması, Azərbaycana gətirilməsi dövlətimizin, cənab Prezidentin qətiyyətli mövqeyinin nəticəsidir. Yəni Azərbaycan öz məqsədinə birmənalı olaraq nail olub”.
C.Məmmədovun fikrincə, bu anlamda bu bizim həm də böyük bir qələmiz olaraq qiymətləndirilməlidir. C.Məmmədovun sözlərinə görə, söhbət dövlətdən, Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və prinsipial siyasətdən gedir. “Biz bunu görürük. Mənim heç şübhəm yoxdur ki, həmin o cinayətkarlar da öz layiqli cəzalarını alacaqlar, onlar da cəzalandırılacaqlar, onlarla bağlı da dövlətimiz müvafiq tədbirləri, prosedurları həyata keçirdəcək. Yəni o gün uzaqda deyil, Azərbaycan dövləti onunla bağlı addımları atır və bütün səyləri göstərir, tədbirləri həyata keçirir. Sadəcə, zamanın işidir. İllər əvvəl deyilsəydi ki, Araik və digərləri həbs olunaraq Bakıya gətiriləcək, o vaxt kimlərsə buna inanmasa da, bu “mümkün deyil” desə də, amma Azərbaycan dövləti çoxlarının mümkün saymadığı bu addımı ata bildi və bu tədbiri həyata keçirdi. Hesab edirəm ki, bu mənada zamanla bu məsələ də öz həllini tapacaq və Azərbaycan öz məqsədinə, öz hədəfinə növbəti dəfə nail olacaq, xalqımız da bu cinayətkarların cəzalandırıldığının şahidi olacaq”-deyə C.Məmmədov qeyd etdi.
İradə SARIYEVA