AZ

Milli mətbuatımızın tarixi aparıcı ölkələrin mətbuat tarixindən daha zəngindir - Şəfəq Mehrəliyeva

“Azərbaycan milli mətbuatının 150 illiyinin qeyd edilməsi təkcə Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməl daşını qoyduğu jurnalistikamızın tarixini təntənə etmək deyil, həm də sürətlə dəyişən informasiya məkanında irəli baxmaq üçün təqvim səbəbidir”.

Bunu Modern.az-a Milli Məclisdə "Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalının hazırlanması təklifi ilə bağlı açıqlamasında Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının direktoru Şəfəq Mehrəliyeva deyib.

Onun sözlərinə görə, bir xalqın mətbuat tarixi onun cəmiyyətinin ümumi savadlılıq təkamülü, tənqidi düşüncə təfəkkürü, yaratmaq əzmi və öz müqəddəratını müəyyənləşdirmək istəyi barədə təsəvvür yaratmağa imkan verir

“Bu baxımdan Azərbyacan mətbuatının tarixi dünyanın bir sıra müasir aparıcı xəbər mərkəzləri məkanı olan ölkələrin mətbuat tarixindən daha zəngindir.

“Əkinçi”nin cəmi 56 sayla başladığı ənənə milli demokratik mətbuatımızın gələcək inkişafı üçün təməl daşının hələ bir əsr yarım əvvəl qoyulduğunu bütün dünyaya bəyan etməyə bizə imkan verir. Mətbuatımızın tarixən maarifçilik, mütərəqqilik, sağlam düşüncə, ümummilli dəyərlərlə yanaşı, bəşəri dəyərlərə köklənməsi xalqımız müstəqilliyini bərpa etdikdən sonra yaranan yeni medianın zəmin hesab edəcəyi zəngin irs buraxıb.

Bütün bunlarla yanaşı, informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində media məkanındakı informasiya bolluğu mətbuatımızı öz rolunu davamlı kəşf etmə çağırışı ilə də üz-üzə qoyub. Mətbuat artıq geniş anlamda kommunikasiya sahəsinin bir hissəsidir. Kütləvi informasiya vasitəsələri dedikdə, mətbuat seçimlərimizin yalnız biri, gənc nəsil üçün isə artıq sonunculardandır. Onu üstələyən çoxsaylı sosial və onlayn platformalar, fərqli kütlələrə çıxışı olan vasitələr ictimiayyət kimi ümumi hekayəmizi tapmaqda bizi yeni yollar axtarmağa istiqamətləndirir”.

Müsahibimizin sözlərinə görə, xüsusilə, süni zəka dövrünə qədəm qoyduğumuz bir zamanda media savadlılığı məsələləri və media sahəsində artan elmi araşdırmaları ön plana çəkmək lazımdır:

“Bunun üçün ölkədəki müvafiq elmi potensialın qiymətləndirilməsi və artırılması istiqamətində ciddi addımlar atılmalıdır. O cümlədən, kommunikasiya və media sahəsində aparıcı təcrübəsi olan xarici məktəblərdə və elmi mərkəzlərdə doktorant səviyyəsidnə gənc alim nəslinin yetişdirilməsi, kommunikasiya və mediaya aid ixtisasların Xaricdə Təhsil Dövlət Proqramına prioritet sahə kimi salınması, MEDİA Agentliyinin isalahat yönümlü proqramlarına daha çox vəsaitin ayrılması, ali məktəblərmizidə jurnalistika fakültələrinin tədris proqramlarına mütəmadi baxılması, yenilənməsi və onları zamanın tələbinə uyğun disiplin arası yanaşma ilə qurulması diqqətdə saxlanılmalıdır”.

“Sözsüz ki, 150 illik irsimizi gənc nəslə çatdıracaq, milli media savdlılığımızın kontekstini onlara anlatmaqda kömək edəcək müasir, multi-media formatlı “Media Muzeyi” bu təqvim üçün gözəl hədiyyəllərdən biri ola bilər. ADA Universitetində media və kommunikasiya fənnlərini tədris edən bir müəllim kimi əlavə etmək istərdim ki, dörd il əvvəl ölkədə ilk dəfə yaratdığımız kommunikasiya və rəqəmsal media ixtisasından 2025-ci ildə ilk məzunlar buraxılacaq. Onların əksəriyyəti artıq ölkəmizin media məkanında çalışırlar. Mətbuat üçün yetişdirilən müasir kadrlar olduqca intensiv - həm nəzəri, həm praktiki təlimdən keçməlidilər. Ümid edirəm, məzunlarımızın sayı artıqca, onlar Azərbaycanın media məkanına töhfələrini də müvafiq şəkildə artıracaqlar”- Ş.Mehrəliyeva qeyd edib.

Seçilən
34
50
modern.az

10Mənbələr