Vardanyanın vəkili hüquqi müstəvidə onun xilasından əlini üzdüyünə görə məsələni siyasiləşdirməyi məsləhət bilir
Ermənistan müxalifəti Azərbaycanda ittiham edilən erməni əsilli terrorçuları müdafiə etmək, onları hər hansı bir vasitə ilə cəzadan xilas etmək üçün dəridən-qabıqdan çıxır. Paşinyan bu terrorçuları, separatçı rejimin tör-töküntülərini xilas etməkdə nə maraqlı deyil, nə də onun buna elə bir imkanı yoxdur. Heç sülh sazişinin şərtlərində də bununla bağlı Ermənistan tərəfi ayrıca şərt qoymayıb.
İndi müxalifət və dünya erməni diasporlarının ümidi seçki vaxtı "quyruq göstərdikləri" Donald Trampa qalıb... Bunu yalnız erməni həyasızlığına malik bir icma edə bilər. Xatırlayırsınızsa Amerikanın ən böyük erməni diaspora təşkilatı olan "Ay-Data" bir neçə dəfə mediada açıq şəkildə bəyan etdi ki, ermənilər prezidentliyə hər iki namizədi boykot edəcək, çünki onlardan heç biri ermənilərin Qarabağa qayıdışını təmin etmirlər. Özü də ermənilər vəd deyil, real iş istəyirdilər. Deyirdilər kı, indiyə qədər vəd verib aldadıblar. Yalançı adlandırdıqları Trampdan indi imdad istəyirlər. Seçki gününə qədər də namizədlərdən heç biri belə bir vəd vermədi. "Ay-Data" da Amerika ermənilərini namizədlərdən heç birinə səs verməyə çağırmadı. İndi isə hansısa bir vəkilin dili ilə ümid ifadə edirlər ki, Tramp erməni cinayətkarlarının bağışlanılması üçün Əliyevə təzyiq göstərəcək. Tramp bunu heç vaxt etməyəcək. Səbəbini isə yuxarıda qeyd etdik: əl əli yuyar, əl də üzü... Ermənilər Trampa səs vermədiklərini, seçkinin son gününə qədər nümayişkaranə şəkildə bəyan etdilərsə, Tramp da onlara dörd il eyni münasibəti göstərəcək.
Erməni mediasının yaydığı məlumata görə, Ruben Vardanyanın amerikalı vəkili Cared Genser bildirib ki, Tramp administrasiyası erməni məhbuslara görə Əliyevə qarşı sərt mövqe tutacaq. Bu barədə Erməni Qlobal İcması məlumat yayıb.
Guya Genser vurğulayıb ki, bütün bunlar "Artsax" rəhbərliyini məhv etmək, öz müqəddəratını təyinetmə hüququnu boğmaq və regionda erməni mədəni irsini silmək üçün daha geniş kampaniyanın bir hissəsidir.
Əslində vəkil Cared Genserin orijinal bəyanatında "bütün bunlar "Artsax" rəhbərliyini məhv etmək, öz müqəddəratını təyinetmə hüququnu boğmaq və regionda erməni mədəni irsini silmək üçün daha geniş kampaniyanın bir hissəsidir" ifadəsi mövcud deyil, bunu erməni mediası uydurub. Bu məsələyə də dəfələrlə aydınlıq gətirilib ki, erməni icmasına ümumiyyətlə öz müqəddəratını təyin etmə hüququ düşmurdü. Sadəcə olaraq 1918-ci ildə bunu sovet Rusiyası qeyri-qanuni olaraq təmin etdi və Azərbaycan torpaqlarında erməni icması üçün Ermənistan dövləti yaratdı. Qarabağa gəlincə, 30 illik işğal dövründə Ermənistanın dünyanın müxtəlif bölgələrindən, o cümlədən də Ermənistandan bu əraziyə qeyri-qanuni köçürülmüş 80 min etnik erməniyə hansı əsaslarla "öz müqəddəratını təyin etmə" hüququ verilə bilər? Hazırda Fransada 600 min, Amerikada isə 1,5 milyon erməni yaşayır. Elə isə bu dövlətlər nə üçün ermənilərin öz müqəddəratını təyin etmə hüququnu tanımır? Axı bu ölkələrdə ermənilərin sayı Azərbaycandakından bir neçə dəfə çoxdur.
Ermənilərin Qarabağdan izinin itirilməsindən danışanda isə ermənilərin öz əli ilə 1988-ci ildə dağıdılmış "Marağa-150" abidəsini yada salmamaq olmur. "Marağa-150" abidəsi Azərbaycan SSR-nin Ağdərə rayonunun Marağa kəndində (indiki Şıxarx) İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə ucaldılıb.
Üzərində ermənicə "Marağa-150" yazılmış abidə 1988-ci ildə ermənilərin Azərbaycana ərazi iddiaları başlayanda ermənilər tərəfindən dağıdılıb.
"Marağa-150" dağılmağa məruz qalmasına baxmayaraq, hazırda qalıqları mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə yerləşir. Abidənin yerləşdiyi yer hazırkı Şıxarx qəsəbəsidir.
Vəkil Cared Genserin bəyanatının orijinal mətnində Vardanyanın hüquqi müstəvidə müdafiəsinin uğurları barədə bir cümlə belə yoxdur. Vəkil demir ki, Ruben Vardanyanı hansısa hüquqi məntiqlə cəzadan xilas etmək olar və ya o, günahsızdır. Yəni vəkil nəinki Vardanyanın, bütün ittiham edilənlərin hüquqi müstəvidə cəzadan xilas edilə bilməsindən əlini üzüb. Çünki bu insanların terrorçu və separatçı olduğu, əksəriyyətinin hərbi cinayətlərdə birbaşa iştirak etdiyi təkzibedilməz sübutlar və dəlillərlə təsdiq edilir. Ona görə də, vəkil Cared Genser bəyanatında ermənilərə məsləhət verir ki, məsələni siyasiləşdirmək, "ədalətsiz" bir proses kimi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, müxtəlif manipulyasiyalarla bu şəkildə rəy formalaşdırmaq lazımdır. Əslində bu bəyanatla vəkil Cared Genser Ruben Vardanyanın müdafiəsindən imtina edir və dolayısı yolla çatdırır ki, bu cinayətkarları yalnız Donald Tramp xilas edə bilər. Donald Tramp isə bütün baş verənlərdən sonra görək bunu edəcəkmi?!
Akif NƏSİRLİ