AZ

Maykl Kayode “Fiorentina”nı “Brentford”a dəyişdi

İtaliyanın “Fiorentina” klubunun sağ cinah müdafiəçisi Maykl Kayode bundan sonra “Brentford”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

Premyer Liqa təmsilçisi 20 yaşlı müdafiəçini cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Yarım mövsümlük icarə üçün 500 min avro ödəyəcək İngiltərə klubunun Kayodenin transfer hüquqlarının tam alınması üçün nə qədər məbləğ ödəyəcəyi açıqlanmır.

Maykl Kayode futbola “Yuventus”da başlasa da, peşəkar karyerasına “Qossano”da başlayıb. O, 2021-ci ildən “Fiorentina”nın sıralarındadır. Əslən Nigeriyadan olan italiyalı futbolçu Florensiya klubunun əsas komandasının heyətində 49 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Kayode İtaliyanın U-18 və U-19 yığmalarında çıxış edib, 2023-cü ildən isə U-21-in uğurları üçün çalışır.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

“Fiorentina” qapıçısı Oliver Kristenseni də “Salernitana”ya icarəyə verib. Danimarkadan olan 25 yaşlı qolkiper cari mövsümün sonuna kimi icarədə olacaq.

Oliver Kristensen Danimarkanın “Odense” klubunun yetirməsidir. Almaniyanın “Herta” klubunda da forma geyinmiş qolkiper “Fiorentina”ya 2023-cü ilin avqustunda 3,8 milyon avro müqabilində keçib. O, Florensiya təmsilçisinin əsas komandasının heyətində cəmi 10 oyuna çıxıb, 15 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.

Danimarkanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında (U-18, U-19, U-20 və U-21) oynamış Oliver Kristensen 2020-ci ilin noyabr ayında əsas millidə debüt edib. Amma o, debütündən sonra Danimarka yığmasında şans qazanmayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı qapıçının transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
50
10
arena.az

10Mənbələr