Böyük Britaniyanın “BAE Systems” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi gəmilərinə quraşdırılan Mk 45 dəniz toplarını təkmilləşdirəcək.
“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bunun üçün şirkət ABŞ HDQ tərəfindən ümumi dəyəri 70 milyon dollar olan müqaviləyə layiq görülüb.
Müqaviləyə əsasən, “BAE Systems” mövcud sistemləri Mk 45 Mod 4 konfiqurasiyasına təkmilləşdirəcək və əsaslı təmir edəcək.
Mk 45 Mod 4 konfiqurasiya təkmilləşdirilməsinə 62 kalibrli lülə və mexaniki gücləndirilmiş silah qurğusu daxildir. O, həmçinin hədəfləmə və atəşi idarəetmə məlumatlarını asanlıqla özündə birləşdirən tam rəqəmsal idarəetmə sisteminə malikdir. Bu təkmilləşdirmələr müasir döyüş sursatlarından istifadə etməyə və uzaq məsafələrə daha dəqiq atəş açmağa imkan verir.
Müqavilə ilə bağlı işlər ABŞ-ın Kentukki ştatının Louisville şəhərindəki “BAE Systems” istehsal müəssisəsində aparılacaq və 2028-ci ilin sonuna qədər tamamlanacaq.