Berlin, 28 yanvar, AZƏRTAC
Üzləşdiyimiz qeyri-müəyyən reallıqlar Avropanın birləşməsini və sıx əməkdaşlıq etməsini daha da zəruri edir. Münasibətlərimiz tariximizə, dəyərlərimizə, Avropa və Atlantik okeanının digər hissəsindəki maraqlarımıza əsaslanır.
AZƏRTAC xəbər verir ki, bunu Almaniyada səfərdə olan Danimarkanın Baş naziri xanım Mette Frederiksen yanvarın 28-də Berlində Kansler Olaf Şolts ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.
Avropada, o cümlədən Baltik dənizində vəziyyətin gərginləşdiyini vurğulayan Danimarkanın Baş naziri qeyd edib: “Biz Avropada daha çox iş görməliyik. Bizə daha güclü, daha qətiyyətli, özünü müdafiə edə bilən və Avropanın maraqlarını dəstəkləyə bilən Avropa lazımdır. İndi qitəmizin gələcəyini müəyyənləşdirmək Avropanın üzərinə düşür və hesab edirəm ki, biz öz təhlükəsizliyimizi və müdafiə sənayemizi gücləndirmək üçün daha çox məsuliyyət daşımalıyıq. Biz Ukraynaya dəstəyimizi artırmalı, Çinin və Rusiyanın təsirinə qarşı durmalı, texnologiyaların inkişafına, iqtisadiyyatımıza və təhlükəsizliyimizə sərmayə qoymalıyıq”.
Mette Frederiksen qeyd edib ki, Avropa qarşıdurmanın yox, əməkdaşlığın sülhə, firavanlığa və daha yaxşı yaşayışa yol açacaq fundamental ideyaya əsaslanır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin