AZ

BAMF-ın Himayəçilik şurasının 2025-ci ildə ilk iclası keçirilib (FOTO)

Yanvarın 28-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik şurasının 2025-ci ildəki ilk iclası keçirilib.

 

QHT.az Trend-ə istinadən  xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondu məlumat yayıb.

 

Bildirilib ki, iclasda Şura sədri Çingiz Abdullayev, üzvlər Rəşad Məcid, Vaqif Bəhmənli, Əflatun Amaşov, BAMF-ın Prezidenti Umud Mirzəyev, vitse prezident Oğuz Mirzəyev və digər əməkdaşlar iştirak ediblər.

İlk olaraq Umud Mirzəyev təqdimatla çıxış edərək təşkilatın 2024-cü il üzrə yekun hesabatını Himayəçilik şurasının diqqətinə çatdırıb. O, 2024-cü ilin əvvəlində qarşıya qoyulan hədəflər üzrə fəaliyyətlərin uğurla icra olunduğunu, təşkilatın regionda və beynəlxalq miqyasda həyata keçirdiyi mühüm layihələrin nəticələrini və qazanılan uğurlu tərəfdaşlıqları qeyd edib:

“2024-cü il BAMF üçün əlamətdar nəailiyyətlərlə yadda qalan bir il olub. Təşkilatımız bu müddət ərzində media və vətəndaş cəmiyyətinin inkişafı, mina aksiyası, dayanıqlı inkişaf məqsədləri və sosial istiqamətlərdə həm yerli, həm də beynəlxalq səviyyədə mühüm fəaliyyətlər həyata keçirmişdir. BAMF olaraq insan hüquqlarının qorunması, sülhməramlı təşəbbüslərin dəstəklənməsi və cəmiyyətlərin hərtərəfli inkişafı üçün bu il də öz töhfəmizi verməyə çalışmışıq.”

Hesabatda BAMF-ın 2024-ci il növbədənkənar prezident seçkilərində müşahidəçilik missiyası, ənənəvi olaraq çoxsaylı yerli və xarici jurnalistlərin, diplomatların Qarabağa səfərlərinin təşkili, qadın minaaxtaran komandalarının uğurlu fəaliyyəti və nəticələri, onların fəaliyyətlərinin işıqlandırılmasında Bakı Media Mərkəzi və digər media qurumları ilə olan əməkdaşlıqlar, Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, tədbirlərdə, o cümlədən, COP29-da iştirakçılıq, BMT-nin Cenevrə ofisində yan tədbirin təşkili, “Sülhün Kökləri” təşkilatının rəhbəri və qurucusu Heidi Kuhn, Banqladeş hökümətinin rəhbəri Professor Məhəmməd Yunus, BMT-nin QHT bölməsinin rəhbəri Vuk Çin Çanq kimi önəmli şəxslərin səfərləri və BAMF-da qonaqlanması, 25 ilə yaxındır fəaliyyət göstərən BAMF-ın İcma Mina Aksiyası komandasının statistikası və digər əsas fəaliyyətlər öz əksini tapıb. Təqdimatda, həmçinin, BAMF-ın Tərtər regionunda qadın minaaxtaranlar komandaları üçün inşa etdiyi yeni Peşə Tədris Mərkəzinin fotoları da nümayiş etdirilib.

Ardınca çıxış edən Himayəçilik şurasının sədri Çingiz Abdullayev icra olunan fəaliyyətlərin və əldə olunan nəticələrin göz qabağında olduğunu qeyd edib. O, hesabatın kifayət qədər zəngin olduğunu vurğulayaraq görülən işləri çox yüksək qiymətləndirib. Şura üzvləri Əflatun Amaşov, Rəşad Məcid və Vaqif Bəhmənli də öz növbələrində BAMF-ın fəaliyyətini təqdirəlayiq hesab etdiklərini ifadə ediblər.

İllik hesabat dinlənildikdən sonra BAMF-ın 2025-ci il üzrə fəaliyyət istiqamətlərinə uyğun qarşıya qoyulacaq hədəfləri və gələcək fəaliyyət planı müzakirə olunub. Müzakirələr zamanı BAMF-ın beynəlxalq “think tank” analitik düşüncə platformasının yaradılması, milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar mümkün fəaliyyətlərin icrası, COP30-da iştirak və təmsilçilik imkanları və s. digər mühüm məsələlər ətrafında danışıqlar aparılıb.

Qeyd edək ki, yekun hesabat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq və BAMF-ın rəsmi saytında yayımlanacaq.

Seçilən
3
2
qht.az

8Mənbələr