AZ

Novruzəli Aslanov: “Yeni hava limanları Qarabağın və Şərqi Zəngəzurun beynəlxalq statusunun yüksəlməsinə xidmət edir”



“Son illər bütün beynəlxalq ictimaiyyət Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslərin Avrasiya məkanında yerləşən ölkələr üçün getdikcə daha böyük önəm kəsb etdiyini aydın şəkildə müşahidə etməkdədir. O cümlədən ölkəmizin Qərb ilə Şərq arasında körpü rolunu oynamağa verən əlverişli coğrafi mövqeyi Azərbaycanın mühüm tranzit ölkə kimi əhəmiyyətinin də durmadan artmasına möhkəm zəmin yaradıb. Əlbəttə ki, bu üstünlüklərdən maksimum yararlanmaq üçün ilk növbədə ölkənin yol-nəqliyyat infrastrukturu müvafiq səviyyədə olmalıdır. Məhz bu səbəbdən də Azərbaycanda son illər bu istiqamətdə məqsədyönlü addımlar atılır, iri miqyaslı layihələr həyata keçirilir. Əlbəttə ki, sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Buna nail olmaq üçün çox səylər göstərilib, böyük işlər görülüb. Nəticədə bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 28-də keçirilmiş nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə etdiyi çıxışında da bütün bu məsələlərə dair mühüm açıqlamalar təqdim olunmuşdur. Qeyd edilmişdir ki, hazırda Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat daha sonra ölkəmizdə hava nəqliyyatının inkişafı ilə bağlı görülən tədbirlərin əhəmiyyətini vurğulayıb: “Diqqətəlayiq haldır ki, bu gün Azərbaycanda hava nəqliyyatının da inkişafı dövlətin xüsusi nəzarətindədir. Təsadüfi deyil ki, cənab Prezident öz çıxışında Azərbaycanın o cümlədən hava nəqliyyatı üzrə də beynəlxalq mərkəzə çevriləcəyini anonsladı. Məhz bu məqsədlə hazırda Ələtdə böyük yük terminalı inşa edilir və bu terminalın yük qəbuletmə imkanları 1 milyon ton olacaq. Məlumdur ki, son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları tamamilə yenidən qurulub və onların həm uçuş-enmə zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, Qəbələ, Zaqatala, Füzuli və Zəngilanda yeni hava limanları inşa edilmişdir. Doqquzuncu beynəlxalq hava limanı isə bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Diqqətəlayiq haldır ki, yeni beynəlxalq hava limanlarından üçü məhz işğaldan azad edilmiş şəhərlərdə inşa edilib. Bu, əlbəttə ki, ümumilikdə Qarabağın və Şərqi Zəngəzurun beynəlxalq statusunun yüksəlməsinə xidmət edir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Seçilən
4
50
aia.az

10Mənbələr