AZ

Türk dünyasının "ortasında dəhliz"- dünya kəskin şəkildə dəyişir...

Image

Ankara, Bakı və Daşkənd qarşılıqlı etimad və hörmət prinsipinə əsaslanan sıx strateji tərəfdaşlıq və əməkdaşlığın inkişafı istiqamətində növbəti addımların atılmasında qətiyyətlidir. Bu məqam Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair qəbul edilmiş Ankara Bəyannaməsinin mətnində qeyd olunur.

Nazirlər Türkiyə, Azərbaycan və Özbəkistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını, beynəlxalq hüquq norma və prinsiplərinin və BMT Nizamnaməsinin sarsılmazlığını dəstəkləməyə hazır olduqlarını xüsusi vurğulayıblar. Üç ölkənin nümayəndələri ticarət, investisiya, sənaye, energetika, nəqliyyat, logistika, rəqəmsallaşma və rabitə sahələrində birgə layihələrin təşviqinə və icrasına hazır olduqlarını bəyan ediblər. Bəyannamədə Türkiyə, Azərbaycan və Özbəkistanın tranzit potensialının artmasında mühüm rol oynayan Orta Dəhliz mövzusuna xüsusi diqqət ayrılıb. Türkiyə, Azərbaycan və Özbəkistanın “böyük tranzit potensialının” üzə çıxarılması baxımından əhəmiyyətli olan “TRACECA” (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) proqramı çərçivəsində tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Ankara Bəyannaməsində üç ölkənin regional və beynəlxalq müstəvidə əməkdaşlığının ümumi maraq və prioritetlərə uyğun şəkildə daha da möhkəmləndirilməsinin əhəmiyyəti, həmçinin Ankara, Bakı və Daşkəndin suverenliyinə və ərazi bütövlüyünə zərər vurmaq cəhdlərinin qarşısının alınması istiqamətində bu üç ölkənin birgə addım atmaq əzmini dəstəkləmək qeyd olunub. Orta Dəhlizin potensialının və rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək yeni layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bununla bağlı Bakı-Tiflis-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin daha da inkişaf etdirilməsinə tam dəstək bəyan edilib. Nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi, regional əlaqələrin və nəqliyyat sistemlərinin dayanıqlılığının gücləndirilməsinə yönəlmiş Fəaliyyət Planının qəbul edilməsindən məmnunluq ifadə olunub. Ankara Bəyannaməsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası mövzusuna ayrıca diqqət ayrılıb. Ölkəmizin işğaldan azad edilmiş ərazilərinə insanların təhlükəsiz və layiqli qayıdışını təmin edəcək səylərin əhəmiyyəti qeyd olunub. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən investisiya layihələrinə xüsusi diqqət yetirildiyi vurğulanıb. Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrindən məmnunluq ifadə olunub. Sənəddən göründüyü kimi qarşıdakı dövrdə türk dünyasının inteqrasiyasına nıqliyyat sektoruna, xüsusən də Orta Dəhlizə geniş yer ayrılır.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi Unberto de Pretto bildirir ki,  Çindən Avropaya ən qısa və ən ucuz yol Orta Dəhlizdir. O qeyd edib ki, Orta Dəhliz Çindən Avropaya, oradan Amerikanın şərq sahillərinə də ən qısa yoldur. Onun sözlərinə görə, Orta Dəhlizin qlobal ticarət üçün əhəmiyyəti olduqca böyükdür: “Orta Dəhlizin ərsəyə gətirilməsi istiqamətində işləmək bizim üçün çox vacib məsələdir. Son 2 il ərzində iştirak etdiyim bütün tədbirlərdə biz Orta Dəhlizdən danışmışıq”. Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edir ki, Orta Dəhliz türk dünyasında əməkdaşlığın inkişafı üçün strateji əhəmiyyət kəsb edir: “Son illərin prosesləri sübut etdi ki, bu marşrut Asiya ilə Avropa arasında ticarətin ən təhlükəsiz və iqtisadi cəhətdən ən sərfəli arteriyasıdır”. Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev vurğulayır ki, qlobal çağırışlar fonunda sərhədlərarası ticarət artan nəqliyyat xərcləri, uzun məsafələr, geniş sənəd yoxlamaları, gömrük və tranzit prosedurlarında gecikmələr daxil olmaqla artan çətinliklərlə üzləşir: “Bu çağırışların həlli regionumuzun iqtisadi dayanıqlılığı və inkişafı üçün həyati əhəmiyyət kəsb edir. “Türk Dünyasına Baxış 2040” strateji sənədimizə uyğun olaraq, üzv dövlətlər arasında və Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağa sadiqdir. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə əməkdaşlıq çərçivəsində Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında mərhələli şəkildə nəqliyyat və tranzit prosedurlarının rəqəmsallaşdırılması öhdəliyini yerinə yetirəcəyik”. Çinin Təhlil İnstitutunun baş elmi əməkdaşı Din Tsyanvey də vurğulayıb ki, Orta Dəhliz yaxın gələcəkdə qlobal tədarük zəncirinin ən mühüm hissəsi kimi yeni sürətli inkişaf mərhələsinə daxil olmaqla Avrasiyada yeni iri ticarət marşrutuna çevriləcək. Bu nəqliyyat marşrutunda daha çox ölkələr iştirak edəcək, yükdaşıma həcmi isə mühüm dərəcədə artacaq. Onun sözlərinə görə, Orta Dəhlizin gələcək inkişafı heç də asan olmayacaq və çox sayda problemlərlə qarşılaşacaq. Bu, özünü geosiyasi, xüsusilə şəxsi geosiyasi ambisiyalarını üstün tutan müxtəlif qüvvələrin təsirində göstərəcək. Qeyd edək ki, Orta Dəhlizin çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir. Orta Dəhliz yük axınının Çindən Türkiyə, o cümlədən Avropa ölkələrinə və əks istiqamətdə artmasına şərait yaradır. Bu dəhlizlə hərəkət edən marşrut qatarı orta hesabla 20-25 gün ərzində yükləri Çindən Avropaya çatdırır və bu, qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Ramil QULİYEV





Seçilən
18
5
baki-xeber.com

6Mənbələr