“Əl-İttifaq”ın baş məşqçisi, ingilis mütəxəssis Stiven Cerrard Səudiyyə Ərəbistanı klubundakı vəzifəsindən kənarlaşdırılıb.
Arena.az bu barədə “Əl-İttifaq”ın rəsmi saytına istinadən məlumat verir.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. İstefaya “Əl-İttifaq”ın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, sözügedən komanda Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümündə keçirdiyi 17 oyunda cəmi 5 qələbə qazanıb, 4 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. “Əl-İttifaq” hazırda 19 xalla yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, Cerrardın “Əl-İttifaq”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu. İngilis mütəxəssis 2023-cü ilin iyun ayından bu komandaya rəhbərlik edirdi. Sözügedən komanda Cerrardın rəhbərliyi altında bütövlükdə 55 oyuna çıxıb. “Əl-İttifaq” bu görüşlərdə 19 qələbə qazanıb, 16 heç-heçə edib, 20 məğlubiyyətə üzülüb.
“Liverpul”un sabiq yarımmüdafiəçisi və kapitanı olan Stiven Cerrard məşqçilik karyerasına 2017-ci ildə “Liverpul”un gənclər sistemində (U-18/U-19) başlayıb. Daha sonra ingilis mütəxəssis 2019-2021-ci illərdə Qlazqo “Reyncers”ini çalışdırıb. 2021/2022 mövsümündə “Aston Villa”nı çalışdıran Cerrard 2022-ci ilin oktyabrında qeyri-qənaətbəxş nəticələrinə görə istefaya göndərilib.