AZ

Robert Levandovski: “Ən yüksək səviyyədə oynamağa qadirəm”

“Barselona”nın veteran ulduzu, 36 yaşlı polyak mərkəz hücumçusu Robert Levandovski hələ də yüksək səviyyədə çıxış etməyə qadirdir.

Arena.az məlumat verir ki, “Lyova” özü bu barədə iddialı açıqlama verib:

“Mən yaxşı fiziki formadayam və ən yüksək səviyyədə oynamağa qadirəm. Mən, indi malik olduğumla və üç il qabaqkı arasında heç bir fərq hiss etmirəm”, deyə Levandovski vurğulayıb.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 39 oyuna çıxıb, 34 qol vurub və 3 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 134 oyun, 93 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
69
1
arena.az

2Mənbələr