Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 23-cü tur çərçivəsində “Gol Gohar”la qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu oyundan əzmkar qələbə ilə ayrılıblar – 2:1. Belə ki, 2-ci dəqiqədə məğlub duruma düşən təbrizlilər fasiləyə qədər hesaba tarazlıq gətiriblər, ikinci hissənin əvvəlində isə qələbə qoluna imza atıblar.
“Traktor” hazırda 22 oyuna topladığı 48 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.
Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 22 oyunda 15 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını martın 28-də səfərdə “Aliminium Arak”a qarşı keçirəcək.