Avropa İttifaqına üzv ölkələrin həftənin sonuna qədər Ukraynaya 40 milyard avro məbləğində yardım paketini təsdiqləməsi çətin görünür.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg“ agentliyi məlumat yayıb.
Məlumata görə, Aİ liderləri bu məsələni 20 martda keçiriləcək sammitdə müzakirə edəcəklər. Lakin yekun razılığa gəlmələri gözlənilmir.
Bildirilib ki, Aİ ölkələrinin əksəriyyəti təşəbbüsü dəstəkləsə də, bəzi dövlətlər, xüsusilə Fransa və İtaliya, planla bağlı əlavə məlumat tələb edərək müzakirə üçün daha çox vaxt istəyiblər.
Macarıstan isə ümumiyyətlə Kiyevə hər hansı yardımın göstərilməsinə qarşı çıxır. Bir Avropa diplomatı “Bloomberg”-ə açıqlamasında bildirib ki, bu plan, Ukraynaya daha az dəstək verən ölkələrə təzyiq göstərmək üçün bir vasitə kimi nəzərdən keçirilir.
Xatırladaq ki, 17 martda Brüsseldə keçirilən Aİ Şurasının iclasından sonra, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas mətbuat konfransında bildirib ki, 27 Aİ ölkəsinin xarici işlər nazirləri hələ də Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gəlməyiblər, lakin yaxın zamanda irəliləyiş olacağına ümid edirlər.
Kallas artıq bu planın təsdiqlənməsi ilə bağlı Aİ-nin bir sıra problemlərlə üzləşdiyini etiraf edib.
Layihəyə əsasən, 2025-ci ildə Ukrayna üçün 2 milyon artilleriya mərmisi alınacaq və hava hücumundan müdafiə sistemlərinin prioritetli tədarükü həyata keçiriləcək.
Kallas ümid edir ki, bu paketin maliyyələşdirilməsi üçün təxminən 2 milyard avro, 2025-ci ildə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına təmin olunacaq.