Ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin məqsədləri çoxşaxəlidir.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Məmmədova “Sosial xidmət haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bildirib.
Deputat deyib ki, çətin həyat şəraitində olan şəxslərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar həyata keçirilir: “Resurslar bu kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsinə yönəldilir. Burada inklüzivliyin təşviqi, sosial asılılığın qarşısının alınması, sosial xidmətlərin genişləndirilməsi başlıca prinsiplər sırasındadır. Mütəmadi olaraq, sosial problemləri müstəqil həll etmək imkanı olmayan, həssas ailələrin səmərəli müdafiəsi üçün adekvat mexanizm və yanaşmaların tətbiqini nəzərdə tutan tədbirlər görülür.
“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” da ölkədə beynəlxalq sosial xidmət standartlarına uyğun sistemin formalaşmasına təkan verir, bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsini təmin edir. Bu mənada çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, ünvanlılığın, eləcə də əlçatanlığın təmin edilməsi də prioritetdir. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsi də bu məqsədə xidmət edir”.
Nigar Məmmədova qeyd edib ki, qanun layihəsində nəzərdə tutulan “sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq” bu sahədə çalışan insanların özünü daha faydalı hiss etmələrinə, eyni zamanda bu sahədə çalışan kadrların hüquqlarının qorunmasına zəmin yaradacaq: “Nəticə etibarı ilə bu sahəyə marağı artıraraq, kadr axınını gücləndirəcək. Ümumilikdə kadrların təkmilləşdirilməsi sosial institutun beynəlxalq standartlara cavab verməsinə zəmin yaradır. Eyni zamanda bu, qarşılıqlı məsuliyyəti müəyyən etmək xarakteri daşıyır. Digər vacib məsələ - sosial işçi tərəfindən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanmasıdır ki, bu da xidmətin keyfiyyətinin artırılmasına birbaşa təsir edən faktorlardan biridir. Xidmətin keyfiyyətinin artırılmasına yönələn dəyişikliklərdən biri də nəzarətin həyata keçirilməsi qaydasının müəyyən edilməsidir ki, bu da vaxtaşırı monitorinqlərin aparılması, məsuliyyətin və cavabdehliyin daha da artırılmasına zəmin yaradacaq.
Layihədə diqqət çəkən məsələlərdən biri də sosial-mədəni xidmətin əlavə olunması isə şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkil olunmasına, bilavasitə sosiallaşmaya, cəmiyyətdə gedən proseslərlə bağlı maariflənməyə yönəlib. Bir sözlə, hesab edirəm ki, bütün dəyişikliklər müasir sosial xidmət sisteminin daha da təkmilləşdirilməsinə zəmin yaradaraq, çətin həyat şəraiti olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə təkan olacaq”.