AZ

QHT sədri: "Daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyası üçün davamlı işlər görülməlidir"

"Sağlam Mühit" Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Əli Mirzəyev QHT.az-a müsahibəsində 21 mart – Beynəlxalq Daun Sindromlu Şəxslər Günü ilə bağlı fikirlərini bölüşüb.

Əli Mirzəyev bildirib ki, bu günün qeyd olunması cəmiyyətin bu məsələyə diqqətinin artırılmasına xidmət edir. "Statistikaya əsasən, dünyada doğulan hər min uşaqdan biri daun sindromu ilə dünyaya gəlir. Problemin ciddiliyi beynəlxalq təşkilatların diqqətini cəlb etmiş və hər il bu gün qeyd olunaraq bəşəriyyətin diqqətini bu məsələyə yönəltməyə çalışmışlar," – deyə o vurğulayıb.

İctimai birlik sədri daun sindromunun genetik xüsusiyyətlərdən qaynaqlandığını və əsasən irsi xromosom dəyişiklikləri olan anaların uşaqlarında müşahidə edildiyini qeyd edib: "35 yaşdan sonra hamiləlik zamanı daun sindromlu uşaq dünyaya gətirmə riski artır. Məsələn, 20 yaşında bu ehtimal 0,1%-dən az olduğu halda, 45 yaşda 3%-ə qədər yüksəlir."

Azərbaycanda daun sindromlu şəxslərə göstərilən diqqətdən bəhs edən Əli Mirzəyev, bu məsələnin həm səhiyyə, həm də qanunvericilik sahəsində daim diqqət mərkəzində olduğunu vurğulayıb: "Müasir tibbin imkanları sayəsində bu cür uşaqlar hələ dünyaya gəlməmişdən müəyyən edilə bilər. Bununla yanaşı, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də işlər görülür."

Əli Mirzəyev qeyd edib ki, daun sindromu bir xəstəlik deyil, genetik bir fərqdir: "Müalicəsi mümkün olmasa da, bu uşaqların həyat keyfiyyətini artırmaq mümkündür. Maddələr mübadiləsinin normallaşdırılması, immunitetin möhkəmləndirilməsi və sümük inkişafının düzgün getməsi üçün tibbi dəstək vacibdir. Həmçinin, həkim-laqopedlə məşğul olmaları və digər uşaqlarla ünsiyyət qurmaları onların inkişafına müsbət təsir edir."

Daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasının əhəmiyyətinə toxunan birlik sədri bildirib ki, bu şəxslərin digər uşaqlardan əsaslı fərqləri yoxdur: "Onlar da sevmək, oynamaq, öyrənmək və gülmək istəyirlər. Onların mümkün qədər sosial mühitdə böyüməsi vacibdir."

Sonda Əli Mirzəyev Azərbaycanda daun sindromlu şəxslərlə işləyən bir çox ictimai təşkilatın fəaliyyət göstərdiyini və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirildiyini vurğulayıb: "Bu təşkilatlar daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək və ətrafın onlara münasibətini dəyişmək üçün müxtəlif layihələr icra edirlər. Cəmiyyətin bu məsələyə anlayışla yanaşması üçün davamlı iş aparmaq zəruridir."

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
63
10
qht.az

10Mənbələr