Kremlin sözçüsü Dmitri Peskov ABŞ ilə ekspertlər səviyyəsində danışıqların davam etdiriləcəyinə ümid etdiklərini bildirib.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında cari məsələləri dəyərləndirib.
Rusiya və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşü ilə bağlı sualı cavablandıran Peskov bildirib ki, dünən Kremlin xarici siyasət müşaviri Yuri Uşakov və ABŞ milli təhlükəsizlik müşaviri Mayk Vals arasında telefon danışığı olub.
Peskov: "Ümid edirik ki, ABŞ ilə ekspertlər səviyyəsində danışıqlar davam edəcək və yaxın günlərdə keçiriləcək. Rusiya və ABŞ prezidentləri də telefon danışığında danışıqlara ehtiyac olduğunu bildiriblər. Hazırda yekun detallar üzərində iş gedir. Danışıqlar bazar günü deyil, gələn həftənin əvvəlində baş tuta bilər".
Danışıqlarda Ukrayna böhranının həlli və Qara dənizdə gəmilərin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunacağı barədə məlumatı paylaşan Peskov bu danışıqlarda Rusiyanı kimin təmsil edəcəyi sualını cavabsız qoyub.
Aytən Yaşar/ Turkustan.az