AZ

III Dünya Müharibəsini başladacaq HƏMLƏ – ABŞ-İsrail tandeminə qarşı Çin-İran BİRLİYİ

İran ətrafında həlqə getdikcə daha da daralır. ABŞ Prezidenti Donald Tramp İranı nüvə silahına sahib olmaqdan çəkindirmək üçün onu artıq raket zərbələri endirməklə hədələməyə başlayıb.

Hücum hazırlığı

Bundan əlavə, Böyük Britaniyanın "Daily Mail" qəzeti mənbələrə istinadən yazır ki, ABŞ və İsrail ölkənin davam edən nüvə proqramının yaratdığı təhlükəni aradan qaldırmaq üçün İrana zərbə vura bilər.

"Tramp İranı bombalamağa hazırlaşır. Bir neçə yüksək rütbəli siyasi, hərbi və diplomatik mənbənin məlumatına görə, ABŞ və İsrail İrana bu ölkənin nüvə proqramının yaratdığı təhlükəni həmişəlik aradan qaldıracaq zərbələr endirməyə hazırlaşır", deyə nəşr qeyd edir.

Maraqlıdır ki, baş verənlər fonunda Fransa və Çindən də gözlənilməz açıqlamalar gəlib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, İranla nüvə sazişi üzrə danışıqlar uğursuz olarsa, hərbi toqquşma qaçılmazdır. Çin tərəfi isə İrana zərbə endiriləcəyi təqdirdə Tehranı dəstəkləyəcəyini bildirib.

İran da boş dayanmır...

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib. Müvafiq qərarlar ABŞ-nin təhdidləri və həm İsrail, həm də Amerika qüvvələrinin regionda fəallığının artması ilə bağlı qəbul edilib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov indiki mərhələdə ABŞ-ın İrana raket zərbələri endirəcəyi variantını o qədər də real hesab etmir:

“ABŞ İrana raket zərbələri endirmək istəmir. Çünki sülhpərvər prezident imicinin zədələnməsindən ehtiyat edir. Bunun üçün İranı birbaşa danışıqlara dəvət edir. İran isə bu dəvəti təzyiq kimi qəbul etdiyindən birbaşa danışıqlardan yayınır. Ancaq 3 Avropa dövləti və Rusiya ilə danışıqlar aparmaq istəyir. Üstəlik beynəlxalq atom agentliyinin rəhbəri də yaxınlarda İrana səfər etməlidir. Tehran təhlükənin böyük olduğunu anladığından həm hədə-qorxu gəlir, həm də danışıqlara getmək üçün əlindən gələni edir. Ancaq birbaşa danışıqlardan imtina edir”.

“Yaxın vaxtlarda ABŞ-ın İrana raket zərbələri endirməyə başlayacağına inanmıram”.

Ekspertin fikrincə, proseslə bağlı danışıqların başlanması ehtimalı daha yüksəkdir:

“Yəqin ki, danışıqlar başlayacaq. İran artıq uranı 80 faizə qədər zənginləşdirib. Bu isə onun nüvə silahı istehsal etmək məqsədini ortaya qoyur. Halbuki 2015-ci il razılaşmasına görə, atom elektrik stansiyasında istifadə etmək üçün uranı 3,7 faizdən artıq zənginləşdirə bilməz. İran 5 nüvə başlığı yaratmaq istəyir. Ancaq başa düşürlər ki, Qərb buna imkan verməyəcək. Güman edirəm ki, yaxın vaxtlarda MAQATE rəhbərinin səfəri, həm Rusiya və Avropa üçlüyü ilə aparılan danışıqlar müəyyən nəticə verəcək”.

“Sonda razılaşma əldə olunacaq”

Politoloq düşünür ki, danışıqların gedişi olaraq sonda 2015-ci il razılaşmasının daha yaxşı variantını imzalamaq mümkün olacaq:

“İran buna getməsə, ilk növbədə növbəti sanksiyalara məruz qalacaq. Belədə onun iqtisadiyyatını daha da çökdürəcək. Bu səbəbdən İranın üzüyola olaraq Qərbin tələblərinə əməl edəcəyini düşünürəm”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
211
31
bizim.media

10Mənbələr